Mayın 2-də Ağdama səfər edən prezident İlham Əliyev işğaldan azad edilmiş şəhərdə daha 2 yaşayış məhəlləsinin tikintisinə start verib.
FED.az xatırladır ki, Ağdamda hazırda 1-ci yaşayış məhəlləsi tikilməkdədir. Bu gün isə dövlət başçısının iştirakı ilə daha 2 yaşayış kompleksinin təməli qoyulub.
Əvvəlcə prezidentə Ağdam şəhər 1 saylı məktəbin yeni binasının tikintisi barədə məlumat verilib. Bildirilib ki, 960 şagird yerlik bu məktəbdə təhsil üçün hər cür şərait yaradılacaq. Qeyd edək ki, bu məktəbin binasının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Fəaliyyətə 1883-cü ildə başlayan bu təhsil ocağı Qarabağ bölgəsinin ən qədim məktəbidir.
2-ci yaşayış məntəqəsinə gəlincə, prezidentə məlumat verildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonası olacaq.
Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır.
Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.
Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.
Ağdamda tikiləcək 3-cü yaşayış məntəqəsi isə daha geniş ərazidə olacaq. Ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1 239, o cümlədən 25 birotaqlı, 396 ikiotaqlı, 533 üçotaqlı, 285 dördotaqlı mənzil olacaq.
Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.
Məhəllədə, həmçinin idman meydançaları, velosiped və avtomobil dayanacaqları yaradılacaq.
İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə 2-ci və 3-cü yaşayış məhəlləsinin təməli qoyulub.