Prezident Administrasiyasının rəhbəri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
FED.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev prezident İlham Əliyevin sədrliyi ilə keçirilən ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə verilmiş tapşırıqları qeyd edərək bildirib ki, bu tapşırıqlar qarşıdakı bir il üçün Əlaqələndirmə Qərargahının fəaliyyətinin əsasını təşkil edəcək.
İclasda qısa və uzunmüddətli hədəflər müzakirə edilib, müvafiq məruzələr dinlənilib, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, məskunlaşma, məşğulluq, iqtisadi inkişaf perspektivləri və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Daha sonra Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin martın 2-də keçirilən Şuşa müşavirəsindən irəli gələn məsələlər, o cümlədən şəhərsalma, yay mövsümünün yaxınlaşması ilə bağlı su təchizatı məsələləri, tarix və mədəniyyət abidələrinin bərpası və digər məsələlər ətraflı müzakirə edilib.
Bildirilib ki, bütün məsələlər dövlət qurumlarının arasında, o cümlədən prezidentin azad olunmuş ərazilərdəki xüsusi nümayəndələri ilə əlaqələndirilməlidir.
İclasın sonunda Qərargahın rəhbəri Samir Nuriyev işlərin artması ilə əlaqədar olaraq Əlaqələndirmə Qərargahının fəaliyyətinin də daha çevik olmasının vacibliyini vurğulayıb.