ABŞ Dövlət Depatamenti öz vətəndaşları üçün daim yenilənən səhayət tövsiyəsi siyahısında Azərbaycana səfər etməməyə çağırıb.
FED.az xəbər verir ki, bu barədə mayın 18-də Dövlət Departamentinin internet səhifəsində elan verilib.
DTX: Azərbaycanda terror təhlükəsinin olması ilə bağlı - Məlumatlar Əsassızdır
Bu elanda Dövlət Departamenti Azərbaycanı ən yüksək riskli 4-cü dərəcə ilə qırmızılar qrupuna daxil edərək, öz vətəndaşlarını koronavirus (COVİD-19), terror və digər təhlükələrə görə bu ölkəyə səyahət etməməyə çağırıb.
Qeyd edək ki, ümumilikdə Azərbaycana səyahət etməməklə bağlı çağırış əsasən koronavirusla bağlıdır. Bununla yanaşı, ölkənin ayrı-ayrı əraziləri, o cümlədən İranla sərhəd yaxınlığı və Qarabağ regionu ilə bağlı departament daha ciddi təhlükələr barədə xəbərdarlıq edir.
Eyni zamanda açıqlamada Azərbaycanda olan ABŞ vətəndaşlarına xəbərdarlıq edilir ki, bu ölkədə mümkün hücumları planlaşdıran terror qrupları tərəfindən uzun müddətdir ki, davam edən risk var.
Bu səbəbdən də ABŞ öz vətəndaşlarını Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinməyə çağırır.
Məlumatda qeyd olunur ki, terroristlər heç bir xəbərdarlıq etmədən hücum edə bilər, onlar turizm yerlərini, nəqliyyat mərkəzlərini, bazarları/ticarət mərkəzlərini, yerli idarəetmə obyektlərini, otelləri, klubları, restoranları, ibadət yerlərini, parkları, böyük idman və mədəni tədbirləri, təhsil müəssisələrini, hava limanlarını və digər ictimai yerləri hədəf ala bilərlər.
ABŞ hökuməti həmçinin öz vətəndaşlarını Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərə səyahət etməməyə, Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olmağa çağırıb: «Qarabağ münaqişəsi ilə bağlı 2020-ci ilin payızında baş verən intensiv hərbi əməliyyatlardan sonra qurbanlar davam edir.
ABŞ hökuməti Qarabağda və onun ətraf ərazilərində ABŞ vətəndaşlarına təcili kömək göstərə bilməz, çünki bu ərazilərə giriş məhduddur.
Azərbaycanın Ermənistanla sərhədindəki yollarda ehtiytalı olun. Nəzərə alın ki, yolların bəzi hissələri əvvəlcədən xəbərdarlıq edilmədən beynəlxalq sərhədlərlə kəkişə bilər. Yollar nəzarət buraxılış məntəqələri tərəfindən nəzarətə götürülə bilər və ya əvvəlcədən xəbərdarlıq edilmədən səyahətçilər üçün bağlı ola bilər»-deyə Dövlət Departamenti öz vətəndaşlarına xəbərdarlıq edir.
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ABŞ hökumətinin bu məlumatının əsassız olduğunu elan edib.
"Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir"-deyə DTX-nin açıqlamasında bildirilir.