Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yexlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.
Eləcə də bax: Karantin günlərində işləyəcək qurumlar - SİYAHI
FED.az xəbər verir ki, koronavirusun yayılmasının qarşısını almaq üçün
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yexlax və İsmayıllı rayonlarının ərazisində 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək yüeni məhdudiyyətlər tətbiq ediləcək. Qərara əsasən aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılacaq:
1. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
2. hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;
3. xəstəxanaların və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
4. sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
5. kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
6. elektrik enerjisinin istehsalı və təchizatı;
7. meliorasiya və su təsərrüfatı;
8. rabitə xidmətləri;
9. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
10. dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
11. boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
12. fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
13. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
14. çörək məhsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);
15. fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi.
Bu dəfəki qərrada, əvvəlkindən fərqli olaraq çörək istehsal edən sexlərin işinə icazə verilib.
Amma qərarla həmin sahədəki orqanlara tapşırılır ki, nəzərdə tutulan işlər üçün yalnız zəruri və məhdud sayda işçiləri işə cəlb etsinlər.
Qərara əsasən, yuxarıda göstərilən sahələrdə çalışanlar istisna olmaqla evi yalnız aşağıdakı hallarda tərk etmək olar:
1. həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);
2. yaxın qohumların dəfnində iştirakla əlaqədar.
Yeni qərarla ictimai və şəxsi nəqliyyatın hərəkəti yenə də qadağan edilib. Amma istisnalar da var. Bura xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım, fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi, eyni zamanda yaxın qqohumların dəfni və həyat və sağlamlığa təhlükə yarananda şəxsi avtomobildən istifadə etmək olar. Başqa sözlə, əvvəlki qərardan fərqli olaraq bu dəfə işə çıxmağa icazə verilən işçilərin öz şəxsi avtomobillərindəne istifadə etməsinə icazə verilib.
Üstəlik dəfnə və ya sağlamlığa görə evdən çıxmaq lazım olanda hökmən DİN-in 102 Xidməti vasitəsilə icazə alınmalıdır.
«Qərarın tələblərinin pozulmasına görə, fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar»-deyə qərarda bildirilir.