Bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edilib. Ədliyyə Nazirliyi Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibələrdə müvafiq bilik nümayiş etdirə bilmədiklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verilib.
Məlumatda bildirilir ki, yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunmaları barədə tövsiyə və tapşırıqlar verilib.
Qeyd edək ki, bu gün notariusların yeni təyinatı ilə bağlı Ədliyyə Nazirliyində notariuslarla nazir müavini Toğrul Musayevin görüşündə keçirilib.
Görüşdə işin müasir tələblər səviyyəsində qurulması, texnoloji yeniliklərin daim mənimsənilməsi, insanlara keyfiyyətli hüquqi xidmətin göstərilməsi vurğulanıb.
Vurğulanıb ki, Notarius korpusunun komplektləşdirilməsi, bu zaman regionların sosial-iqtisadi tərəqqisinə uyğun olaraq hüquq təsisatlarının inkişafı, yerli hüquqşünasların işlə təminatı Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə mütəmadi müsabiqələr keçirilir. Bir sıra rayonlarda vakant notarius vəzifələri üzrə elan olunmuş növbəti müsabiqə bu günlərdə başa çatıb. Aşkarlıq şəraitində, müasir texnologiyalar tətbiq olunmaqla, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş müsabiqədən, o cümlədən Ədliyyə Akademiyasında icbari təlimdən uğur qazanmış namizədlərin notariat fəaliyyəti ilə məşğul olmaları üçün şəhadətnamələrin verilməsi qərara alınıb. Eyni zamanda, fəaliyyəti qiymətləndirilməklə bəzi notariusların şəhadətnamələrinin müddəti uzadılıb.