Son onilliklərdə bütün dünyada, o cümlədən ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsi məsələlərinə böyük diqqət ayrılmaqdadır. Bu sahədə həlli xüsusilə vacib olan və böyük diqqət yetirilən məsələlərdən biri məişət tullantılarının idarə edilməsinin müasir tələblərə uyğun sisteminin qurulmasıdır. Ölkəmizdə Böyük Bakını əhatə edən zonada bu sahədə həyata keçirilən işləri xüsusilə qeyd etmək olar. Amma araşdırmalar göstərir ki, bölgələrdə və kənd yerlərində bu sahədə ciddi problemlər qalmaqda davam edir.
FED.az xəbər verir ki, Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirlərin və ictimai vəkilliyin təşkili” adlı layihə həyata keçirib.
Eləcə də bax: Azərbaycanda kanalizasiya tullantısından - GÜBRƏ İSTEHSAL EDİLƏCƏK
Layihə çərçivəsində kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində normativ-hüquqi bazanın mövcud durumu və bir neçə pilot ərazi timsalında real vəziyyət araşdırılıb, bu sahədə son illər əldə olunmuş nailiyyətlər və problemlər aşkarlanıb, mövzu üzrə bir sıra ölkələrin maraqlı təcrübələri öyrənilib, habelə sahənin mütəxəssisləri və ekspertləri ilə dərinləşdirilmiş müsahibələr təşkil olunub.
Araşdırma nəticəsində məişət tullantılarının idarə edilməsinin hüquqi-normativ bazasında və praktik təcrübədə mövcud aşağıdakı problemlər aşkarlanıb:
- qanunvericilikdə kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması sahəsində başlıca vəzifə və səlahiyyətlər rayon icra hakimiyyəti başçılarına həvalə edilsə də, hazırda kənd yaşayış məntəqələrində demək olar ki, bu fəaliyyətlər həyata keçirilmir;
- kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması və daşınması fəaliyyətinin həyata keçirilməsinin işlək mexanizmləri nə qanunvericilikdə, nə də praktik təcrübədə yoxdur;
- kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması işlərinin təşkili üçün dövlət büdcəsindən məqsədli (ünvanlı) vəsait ayrılmır;
- kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində Ekologiya və Təbii Sərvətlər nazirliyinin və Səhiyyə nazirliyinin vəzifə və səlahiyyətləri daha çox nəzarətedici xarakterə malikdir;
- xarici təcrübədə kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması istiqamətində fəaliyyətlər əsasən bələdiyyələrin vəzifə və səlahiyyətlərinə aid olduğu halda, ölkəmizdə bu sahədə bələdiyyələrə yalnız maarifləndirmə rolu həvalə olunub;
- ölkəmizin kənd yaşayış məntəqələrində bərk məişət tullantılarının, xüsusilə plastik materialların yığılması üçün xüsusi tutumlar yoxdur”
- kənd yaşayış məntəqələrində məişət tullantılarının yaranmasının uçot və hesabatlılığı sistemi ümumiyyətlə qurulmayıb;
- kənd yaşayış məntəəqlərində yaşayan insanların məişət tullantılarının ətraf mühitə, cəmiyyətə və insan sağlamlığına zərərləri və mənfi təsirləri haqqında bilgiləri son dərəcə azdır, bu sahədə yetərli maarifləndirmə işləri aparılmır;
- Bakı şəhəri və qismən Abşeron zonası istisna olmaqla, ölkənin digər ərazilərində istehsalalt və məişət tullantılarının daşınması üçün zəruri tələblərə cavab verən poliqonlar yaradılmayıb və s.
Ölkədə ekoloji problemlər və bələdiyyə məsələləri üzrə ixtisaslaşmış ekspertlərdən götürülmüş müsahibələrdə səsləndirilən rəylərlərdən, eyni zamanda bu sahədə mövcud olan beynəlxalq təcrübələrdən çıxış edərək Azərbaycanda istisnasız olaraq bütün kənd ərazilərinin məişət tullantılarından təmizlənməsini aşağıdakı 3 alternativ mexanizmlərdən birini seçməklə reallaşdırmaq mümkündür:
- Qanunvericilikdə kənd ərazilərinin məişət tullantılarından təmizlənməsi mənzil-kommumal təsərrüfatı qurumlarının müstəsna səlahiyyəti kimi müəyyən edilməsi. Bu modelin əsas çatışmazlığı odur ki, xidmətin tam mərkəzləşdirilməsini, 3500-ə yaxın kənd və qəsəbə üzrə məişət tullantılarının idarə edilməsi üzrə xidmətlərin icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən mənzil-kommunal təsərürfatı qurumlarının sərəncamında saxlanmasını nəzərdə tutur. Halbuki əhaliyə xidmətlərin əksmərkəzləşmə əsasında daha çox müstəqil, əhalinin ictimai nəzarət altında saxlaya bildiyi, həmçinin seçki yolu ilə səs verib formalaşdırdığı yerli özünüidarə orqanları tərəfindən həyata keçirilməsi həmin xidmətlərin keyfiyyətini və effektivliyini daha da yüksəldir.
- Kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinin bələdiyyələrin müstəsna səlahiyyət kimi tanınması. Bələdiyyələr bu xidmətlərin təşkilini aşağıdakı formada reallaşdıra bilər:
- Bilavasitə bələdiyyələrin nəzdində yaradılan mənzil-kommunal departamentləri vasitəsilə. Bu halda bələdiyyələr məişət tullantılarının toplanmasında və nəqlində birbaşa iştirak edirlər. Bunun üçün bələdiyyələrin nəzdində mənzil-kommunal təsərrüfatı departamentləri yaradılır.
- Bələdiyyə mülkiyyəti olmaqla ayrıca məişət tullantıların idarə olunması üzrə ixtisaslaşmış müstəqil bələdiyyələrin müəssisəsi formasında. Qanunvericiliyə uyğun olaraq bələdiyyə müəssisəsi yaradılır. Müəssisə ayrıca hüquqi şəxs statusuna malik olmaqla kommersiya faəliyyəti ilə məşğul olur. Müəssisənin fəaliyyəti istisnasız olaraq ərazidə məişət tullantılarının toplanması və nəqli ilə bağlı olur;
- Bir neçə bələdiyyəyə xidmət göstərən birliklər (bələdiyyələrarası müəssisə) formasında. Bir neçə müəssisə qarşılıqlı razılıq əsasında birgə müəssiə yaradır. Yaradılmış məişət tullantılarının toplanması və nəqli müəssisəsi eyni zamanda bir neçə bələdiyyə əhalisinə xidmət göstərir. Bu əməkdaşlıq xərclərə qənaət, xidmətləri daha effektiv və keyfiyyətli göstərmək baxımından reallaşdırılır. Bələdiyyələrarası əməkdaşlıq modeli seçilən zaman ya bir neçə yerli özünüidarə orqanı birləşərək ortaq ictimia xidmət şirkəti təsis edir, ya da birgə müqavilə əsasında belə xidməin göstərilməsini daha yaxşı təcrübəyə və infrastruktura malik tərəfdaş bələdiyyəyə həvalə edirlər.
- Özəl operatorların xidmətindən istifadə. Bu halda hökumət məişət tullantılarının toplanması və daşınması ilə məşğul olan özəl şirkətlərin yaranmasının təşviq etməli, onlara ictimai xidmət göstərən müəssisələr kimi mümkün olduğu qədər minimum vergi yükü müəyyən etməlidir. Özəl operatorlar fəaliyyət göstərdiyi halda qanunverciliyin müəyyenləşdirdiyi öhdəliklərin dairəsindən asılı olaraq bələdiyyələr və ya icra hakimiyyətləri ərazi üzrə operatoru tender əsasında seçə bilərlər. Lakin tullantıların toplanması və nəqli tarifləri özəl sektor tərəfindən deyil, onlarla müzakirlər əsasında Tarif Şurası tərəfindən tənzimlənməlidir.