İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, ABŞ ilə aparılması planlaşdırılan danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsinin pozulduğunu qeyd edərək, “Qarşılıqlı atəşkəs və ya danışıqların bir mənası yoxdur” ifadələrini işlədib.
Tramp: "İranla 15 maddənin çoxu barədə razılıq əldə olunub, uran zənginləşdirilməyəcək"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Qalibaf sosial media hesabında paylaşdığı yazılı açıqlamada ABŞ-a qarşı dərin tarixi etimadsızlıq duyduqlarını vurğulayıb. Bu etimadsızlığın əsas səbəbi kimi Vaşinqton administrasiyasının öhdəliklərini sistemli şəkildə pozmasını göstərib.
ABŞ ilə İran arasında atəşkəs çərçivəsində müəyyən edilən 10 maddənin “danışıqlar üçün tətbiq oluna bilən zəmin olduğunu” ABŞ Prezidenti Donald Trampın da qəbul etdiyini xatırladan Qalibaf, buna baxmayaraq proses başlamadan əvvəl üç əsas maddənin pozulduğunu bildirib.
Qalibafə görə pozulan maddələr:
1- Pakistanın Baş naziri Şahbaz Şərifin də açıq şəkildə dediyi kimi “Livan və digər bölgələr də daxil olmaqla hər yerdə dərhal qüvvəyə minəcək bir atəşkəs” kimi elan edilən 10 maddəlik təklifin Livandakı atəşkəsə dair ilk maddəsinə əməl olunmaması
2- İran hava məkanının pozulmasını qadağan edən maddəyə baxmayaraq, Fars vilayətinə bağlı Lar şəhəri üzərində məhv edilən pilotsuz uçuş aparatının İran hava məkanına daxil olması
3- Razılaşmanın altıncı maddəsində yer alan İranın uran zənginləşdirmə hüququnun rədd edilməsi
Danışıqlar üçün əsas kimi qəbul edilən maddələrin hələ müzakirələr başlamadan açıq şəkildə pozulduğunu vurğulayan Qalibaf, “Hazırda danışıqlar üçün ‘tətbiq oluna bilən zəmin’ hələ müzakirələr başlamadan açıq və aydın şəkildə pozulub. Belə bir vəziyyətdə qarşılıqlı atəşkəs və ya danışıqlar məntiqsizdir” qiymətləndirməsini edib. (Marja)













