İqlim dəyişiklikləri taxıl istehsalına böyük zərbə vurub.
İngiltərədə son 40 ilin ən pis taxıl biçini mövsümü başa çatdıqdan sonra emal sənayesi sektoru ölkədə un və çörəyin qiymətini artırmağa hazırlaşır.
Eləcə də bax: Nə qızıl, nə gümüş, ABŞ-ın qazanc çempionu - TAXTA OLDU
FED.az xəbər verir ki, bu barədə BBC News kanalının hazırladığı materialda bildirilir. Müəllif qeyd edir ki, fermerlər ötən mövsüm hava şəraitinin kəskin pisləşməsi səbəbilə ölkədə buğdanın məhsuldarlığının 40 faiz azala biləcəyini proqnozlaşdırırlar.
Nəticədə bəzi un emalı müəssisələri unun qiymətini artıq 10 faiz artırıblar və Brexitin nəticələri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi səbəbilə qiymətlərin daha da bahalaşacağına işarə vururlar.
Mütəxəssislər isə anomal hava şəraitinin növbəti illərdə də davam edəcəyini iddia edirlər.
“Met Offic”dən BBC News-a bildiriblər ki, iqlim dəyişiklikləri davam etdikcə, bu il müşahidə olunan quraqlıq növbəti illərdə daha kəskin xarakter ala bilər.
Milli Fermerlər Birliyindən (NFU) bildiriblər ki, buğda əkmiş fermerlər üç fərqli hava şəraitinin mənfi təsiri ilə üzləşiblər.
Birincisi, payızda mövsümə uyğun olmayan şiddətli yağışlar bir çox fermerin taxıl əkmək arzusunu gözündə qoyub. Əkin aparılmış sahələr isə su altında qaldığına görə toxumlar cücərməyib.
Daha sonra son illərin ən yağışlı fevral ayı qeydə alınıb. “Ciara” və “Dennis” fırtınaları fevralın əvvəllərində və ortasında Britaniyanın böyük bir hissəsini öz ağuşuna alıb, çoxsaylı daşqınlara səbəb olub. Fevralın sonunda isə ölkəni “Jorge” qasırğası vurub.
Bunun ardınca Britaniyanın əksər bölgələrində quraqlıq baş verib, bahar toxumların torpaqdan qidalanmasını çətinləşdirən isti və quraq hava şəraiti ilə yadda qalıb.
Nəhayət, avqust ayında yağan güclü yağışlar taxıl biçininə mane olub, bir çox fermerlər məcburən biçinini yarımçıq salamaq məcburiyyətində qalıblar.
Milli Fermerlər Birliyinin rəhbərlərindən Hempşirli fermer Matt Culley məhsuldarlığın məhsuldar sahələrdə 30 faiz, ortabab sahələrdə isə daha çox aşağı düşdüyünü deyib: “Bu səbəbdən ölkədə taxıl anbarlarının əksəriyyəti hazırda boş qalıb. Yağış taxıl sahələrini vurduğundan məhsul yalnız heyvan yemi üçün yarayır. 2020-ci il fermerlər üçün son 37 ilin ən pis mövsümüdür, indiyədək taxılçılar bu cür pis hava şəraiti ilə üzləşməyiblər”.
Met Offise rəsmisi deyir ki, proqnozlar növbəti illərdə Britaniyada yay fəslinin daha quraq, qış fəslinin isə daha yağıntılı keçəcəyini göstərir: “Un istehsalı üçün tələb olunan buğdanın 85 faizi ölkəmizdə yetişdirilirdi. Məhsul itkisi səbəbilə yaranmış boşluğu idxal hesabına doldurmalı olacağıq”.
İngiltərə və İrlandiya Dəyirmançılar Milli Birliyinin rəhbəri Alex Waugh da hesab edir ki, buğdanın qiyməti yaydan bəri durmadan artdığı üçün unun qiyməti də bahalaşacaq: “Buğdanın bir tonunun qiyməti artıq 40 funt sterlinqə çatıb, qiymətlər 20 faizədək bahalaşıb”.
BBC News-da yayımlanan materialda qeyd olunur ki, Brexitlə bağlı razılaşma əldə olunmasa, idxal buğdanın qiyməti 79 funt sterlinqə qədər yüksələ bilər. Ekspertlər qeyd edir ki, birjalarda buğdanın qiyməti daim dəyişkən olur, lakin Britaniyada qiymətlərin 40 faiz bahalaşması un və un məmulatlarının, o cümlədən çörək, peçenye və şirniyyat məhsullarının qiymətində artıma səbəb ola bilər. Fermerlər qeyd edir ki, müştəriləri itirmək təhlükəsi olsa da, qiymətləri artırmağa məcburdurlar. Çünki buğdanı yüksək qiymətə satmamaq onların maddi gəlirlərinin azalmasına və zərər düşməsinə səbəb ola bilər.