«Araz Supermarket» MMC bu şirkətin mağazalarında tərkibində zərərli orqanizmlər olan narınginin tapılması barədə rəsmi açıqlama yayıb.
FED.az xatırladır ki, dekabrın 2-də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayaraq «Araz Supermarket» MMC-nin Türkiyədən idxal etdiyi narınginin yoxlanıliması zamanı onun tərkibində zərərli orqanizm - Pseudococcus gahani Green (sitrus unlu yastıcası) aşkar olunub. Həmin məhsullar götürülərək məhv edilib.
Bir qədər əvvəl isə həmin məsələ ilə bağlı «Araz Supermarket»in açıqlaması yayılıb. Şirkətdən FED.az-a bildirilib ki, «Araz Supermarket» MMC tərəfindən Türkiyədən tonlarla narıngi idxal olunur. İdxal məhsullarının hər partiyasından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nümunələr götürülərək müvafiq laborator yoxlanışdan keçirilir.
Yalnız Agentliyin icazəsindən sonra məhsullar satışa çıxarılır. Qeyd edildiyi kimi, Türkiyədən idxal olunan narınginin 500 kiloqramında orqanizm üçün zərərli maddə aşkarlandığından satışa çıxarılmadan «Araz Supermarket» MMC-nin əməkdaşlarının da iştirakı ilə məhsul məhv edilib.
«Araz» Supermarketlər Şəbəkəsi istər yerli, istərsə də idxal məhsulların keyfiyyətinə xüsusi önəm verir. Biz hər zaman müştərilərimizə keyfiyyətli məhsullar təqdim edirik»-deyə açıqlamada bildirilib.
Başqa sözlə, haqqında söhbət gedən, zərərli orqanizmlərin tapıldığı narıngilər «Araz» supermarketlərində satışda olmayıb, onlar hələ idxal olunarkən tərkibi yoxlanmaq üçün AQTA-ya təqdim edilib və bu zaman onların tərkibində problem aşkarlanıb.