Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti arasında görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə SECO-nun qrant vəsaiti hesabına həyata keçirilən Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası (FSMP2), həmçinin Palata və SECO arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov SECO-nun nümayəndə heyəti ilə ötən ilin sentyabr ayında keçirilmiş görüşü məmnunluqla xatırlayaraq həm FSMP2 layihəsi, həm də ölkəmizdə maliyyə əlçatanlığının yaxşılaşdırılması məqsədilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin, Özəl Kredit Bürosunun və Kredit Zəmanət Fondunun yaradılması çərçivəsində göstərilmiş dəstəyə görə SECO və İsveçrə hökumətinə minnətdarlığını bildirib.
Daha sonra, ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə pozitiv təsirləri, maliyyə sektorunda davam edən müsbət dinamika və maliyyə bazarları üzrə hüquqi və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.
Maliyyə bazarlarında davamlı inkişafın önəmli faktorlarından biri kimi problemli kreditlərdən danışan İ.Alışov fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində ölkə başçısı tərəfindən imzalanmış Fərman və bu Fərman çərçivəsində sektorun sağlamlaşdırılması və effektivliyinin artırılması məqsədilə görülmüş işlər barədə danışıb.
SECO-nun Makroiqtisadi dəstək üzrə Proqram rəhbəri Reto Veyerman ölkəmizə dəfələrlə səfər etdiyini və əvvəlki illər ilə müqayisədə Azərbaycanın istər maliyyə sektorunda, istərsə də digər sahələrdə nəzərəçarpan irəliləyişlərin müşahidə olunduğunu bildirərək Palata nümayəndələrini Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv olması münasibətilə təbrik edib.
Görüş qarşılıqlı maraq doğuran suallar və gələcək əməkdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi ilə davam edib.