Rafiq Salmanov artıq bir müddətdir ki, ölkəmizdə zəli yetişdirməsi ilə məşğul olur. O uzun illər bundan öncə Rusiyada əvvəlcə əlvan metallurgiya, daha sonra kommersiya təhsili almasına baxmayaraq sonradan zəli yetişdirməsi ilə məşğul olmağa başlayıb.
- Rafiq müəllim, necə oldu ki, zəli yetişdirmək qərarına gəldiniz?
- Müasir tibb kimyəvi maddələrlə doludur. Amma insan bədəni təbiətdən olandan başqa yad heç nəyi qəbul etmir. Zəli ilə müalicənin əhəmiyyətindən daşışmazdan əvvəl bir neçə maraqlı məqamı bilməlisiniz. Bizim qan damar sistemini bir-birinə birləşdirə bilsək Yer kürəsini fırlana biləcək qədər damar alınar. İnsanda kapilyar damarlar olduqca çoxdur. Əgər qan qatı olsa kapilyarlardan normal keçməyəcək. Xroniki xəstəliklərin əsas səbəbi də budur. Əgər qanı təbii surətdə durultmaq mümkün olsa, bir neçə xəstəlik aradan götürülər. Bunu ən yaxşı zəli edir.
- Zəli insandan qan alır, ya onu durulaşdırır?
- Həm qan alır, həm də bu zaman qanı durulaşdırır. Bu prosesin insana faydası da məhz odur. Zəlinin ağzında 3 çənəsi, hər çənədə 90 diş var. Bu dişlər elə formadadır ki, dişləyəndə az ağrı verir, yüngül arı vusmasına oxşayır.
Zəli qanı sürətlə içmək istəyir, ona görə də, əvvəlcə qana durulduğu maddə ötürür. Bu - hürudin maddəsidir. Hirudin zülal maddəsidir və amin turşularının hansısa kombinasiyalarla birləşməsidir. Təbii hürudinin təsiri bədəndə 3 aya kimi öz funksiyasını yerinə yetirir. Hirudinin süni variantını hazırlayıblar amma onun təsiri cəmi 5-6 saat olub. Yəni zəlini insan bədəni üçün qiymətli edən maddə hirudindir – onu yalnız bu üsulla almaq olar.
- Zəli hansı xəstəliklərin müalicəsində istifadə olunur?
- Daha düzgün olardı soruşaq ki, hansı xəstəliklərdə bundan istifadə etmək olmaz. Demək olar ki, bütün xəstəliklərin müalicəsində istifadə edilir. Amma bəzi istisnalarla – məsələn, qanazlığı olanlar, qanu laxtalanmayanlar zəlidən istifadə edə bilməzlər. Eləcə də hamilə qadınlara olmaz. Amma onlardan başqa, bütün xəstələr, hətta sağlam adamlar da zəlidən istifadə edə bilərlər və bu çox vacibdir. Çünki sağlamlığa olduqca xeyirdi.
- Necə olduki zəli biznesinə başladınız?
- Mən çox sahələrlə maraqlanan adamam, həm də biologiya biliklərim var. Zəlinin insana faydasını və bu sahədə dünyadakı biznesini araşdırdım, biznesin faydalı olduğunu hesab edib başladım.
- İstehsalınız hansı rayondadır və zəliləri haradan alırsınız?
- Müəssisəmiz Qəbələnin Niş kəndindədir. Biz burada tamamilə rəsmi işləyən biopfabrika qurmuşuq. Bütün sənədlərimiz qaydasındadır. Zəliləri isə dövlətdən aldığımız kvota əsasında yığırıq. Balıqçılara ov bileti verildiyi kimi, bizə də zəli yığmaq üçün müəyyən kvota müəəyyən edilib. Həmin kvota əsasında ana zəlilər tuturuq, və onlardan artım başlayır. Zəliləri göllərdən toplayırıq, məsələn, sonuncu dəfə kvotanı Yevlaxdakı Mingəçevir Varvara gölündən almışıq.
- Kvotaya görə, nə qədər zəli yığmağa icazə verilir?
Bu ilki kvotada 3500 ədəd ana zəli müəyyən edilib. Onların hamısı bir-bir yığılır. Bunların hər birindən ay ərzində 100 zəli doğulur. Bio fabrikin üstün cəhəti odur ki, ana zəli üçün istənilən şəraiti yarat, misal olaraq tox olsun və istilik kifayət qədər olsun onlar ildə 4 dəfə bala verirlər. Zəlilər ipəkqurdu kimi balalayırlar, ipəkqurdu bir barama qoyur, zəlilər isə 4-5. Bu baramaların hər birinin içərisində 8-35 bala olur. Amma bəzən barama boş olur.
- İldə nə qədər zəli yetişdirirsiniz?
- Bu il 250 mindən artıq olub, məqsədimiz bir milyona çatmaqdır. İndi zəlini artırırıq. Sonra satışı vaxtı elmi komissiya, Zoologiya institutundan gəlib yoxlayıb sayırlar və hansı yaş qrupunda nə qədər zəli varsa məlumat verirlər. Sonra satışa başlanır.
- Zəlini neçə yaşına çatdıqdan sonra satmaq olar?
Kosmetik zəliləri iki aylıq olanda satmaq olar. Biopfabikanın üstünlüyü var ki, biri var zəli təbiətdə hansısa qidanı tapıb qidalanıb böyüyür, bir də var ki, burada hazır və intensiv surətdə qidalanır və böyüyür.
- Zəlilər nə ilə qidalanırlar, yəqin qanla, eləmi?
Bəli, biz onlara heyvan qanı veririk. Öküz qanı, onu heyvan kəsilən yerdən alırıq. Bəzən Nic bazarından götürürük, orada hər həftə bazar günü səhər tezdən heyvan kəsilir, baxırsan, sağlam heyvandırsa onun qanından götürürük.
- Bir zəli gündə nə qədər qan yeməlidir?
- Gündə yeməli deyil. Ümumiyyətlə zəli bir dəfə yemək yedisə, iki ilə kimi ac qala bilir. Zəlinin mədə sistemi elə qurulub ki, imkan olanda öz çəkilərindən 8-10 dəfə artıq qan içirlər. Dünya bazarında ən böyük tələbat bir qram və bir qramdan böyük olan zəlilərədir. İntensiv tələbat olanda zəliləri tez-tez yemləyirik. Təzə çıxan zəlilələr 0,1 qram olurlar. Onların bir qrama çatması üçün 10 gündən bir yemləyirik və onlar az müddətdə böyüyürlər.
- Əsas məsələ - zəlilər neçəyə satılır?
- Zəlinin mövsümdən asılı olaraq qiyməti dəyişir. Bu gün (fevralın əvvəlində) hardasa 70-75 qəpik arasındadır. Aprel, may, iyun, iyul, avqustda zəlinin qiyməti azalıb 10-15 qəpiyə düşür. Qışda isə bahalaşır. Ortalama illik qiyməti 20-30 qəpik arasındadır.
- Zəliləri xaricə də satırsınız?
- Biz indi Özbəkistanın bir neçə klinikaları ilə danışmışıq. Onlara satırıq, biri 50-52 sentdən. Hələlik ölkə daxilində satış etmirik. Çünki yeni başlamışıq. 2018-ci ilin dekabrında sənədləşmə tamamlanıb. 2019-cu ildə başladıq artırmağa. Xaricə satanda daşıma xərci bizlikdir, zəlini aviakarqo ilə göndəririk.
- Başqa hansı xarici ölkəyə satmaq istəyirsiniz?
- İstəyirik Avropa bazarına çıxaq. Avropa bazarında qiymətlər yaxşıdır. Almaniya ilə danışıqlar aparırırıq, Polşa ilə danışıqlar aparmışdıq, müqavilə də bağlandı, amma sonradan onlar tərəfindən alınmadı.
- Bəs Azərbaycandakı klinikalara satmırsınız?
- Satmaq istəyirik, amma amma onlar daha ucuz, sertifikatsız və keyfiyyətsiz zəlilərə üstünlük verirlər.
- Sizin bu sahədə rəqibiniz varmı?
Bu bizim ağrılı yerimizdir. Dediyim kimi, Qəbələdə müəssisə inşa etmişik, 10 sotun içərisində tikilib, 100 min manatdan çox pul yatırılıb, içərisində böyük hovuzlar, temperatur rejimini saxlamaq üçün isti döşəmələr quraşdırmışıq.
Yəni biz bu işlərlə tam qanuni məşğul oluruq. Amma qeyri-qanuni olaraq göldən zəli tutub gətirənlər bizim biznesə mane olur. Apteklər də ucuzluğuna görə, məhz həmin zəliləri götürür, onların keyfiyyətinə baxmırlar. Bəzi apteklərdə zəlinin sertifikatı yoxdur. Biz isə hər şeyi sertifikatla edirik.
- Bunun nə əhəmiyyəti var, axı o da zəlidir?
- Məsələ bundadır ki, təbabətdə istifadə olunan zəli azı 3 ay ac olmalıdır. Çünki zəli dişləyən vaxtı hələ qan sormamışdan qabaq insan orqanizminə sayı 150-yə çatan qədər bioaktiv ferment buraxır. Bunların hamısı faydalıdır və onları başqa heç bir yerdən əldə etmək mümkün deyil. Zəli həmin vaxtı möhkəm ac olmalıdır ki, onda həmin maddələrdən kifayət qədər olsın. Amma göldən tutulan zəli kifayət qədər ac olmur. Onda kifayət qədər bioaktiv maddələr olmayacaq. Bundan başqa, əsas məsələ, zəli tutulmazdan əvvəl göldə xəstə heyvanı dişləyə bilər və ondan sonra özü də xəstələnə bilər.Sertifikatsız, qeyri-rəsmi yetişdirilən zəlilərdə bunlar araşdırılmır. Bizdə isə bütün bunlar nəzarətdədir. Tam təmiz zəlilər satırıq.
- Belə aydın olur ki, bu sahənin əsas problemləri sertifikatsız zəlilərdir?
- Bəli, sertifkatsız zəlilər bazarın 95%-ni tutub.
- Bunlara kim nəzarət etməldiir?
- Səhiyyə nazirliyi, apteklərə onlar nəzarət edir axı. Avropa dövlətlərində zəli terapiya dərman kimi qəbul edilir, amma bizdə belə deyil. Biz yeni işə başlayanda Səhiyyə Nazirliyinə müraciət etdim ki, qeydiyyata düşüm. Dedilər belə qeydiyyat yoxdur.