Bu gündən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Zaqatala rayonunda KOB dostu fəaliyyətə başlayıb.
FED.az agentliyə istinadən xəbər verir ki, bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə sayca 3-cü KOB dostudur.
Ümumilikdə isə, hazırda KOB dostu şəbəkəsi ölkənin 28 şəhər və rayonunu əhatə edir.
Bu gün KOBİA-nın təşkilatçılığı, Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH), sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və KOB dostu mexanizmi barədə məlumat verib. O, qeyd edib ki, KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına dövlət dəstəyini, o cümlədən KOBİA-nın xidmətlərini yerində təmin edəcək. Həmçinin, KOB dostu sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həllinə, investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərəcək, biznes subyektlərinin inkişaf ehtiyacını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir. KOB dostu həm də dövlət qurumları və sahibkar arasında körpü rolunu oynayacaq, lazım gəldikdə sahibkarlara səyyar xidmət göstərəcəkdir.
Zaqatala RİH başçısı Mübariz Əhmədzadə KOB dostunun fəaliyyətə başlamasının rayonda sahibkarlığın inkişafına, yeni biznes subyektlərinin yaranmasına öz töhfəsini verəcəyini vurğulayıb.
Tədbirdə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı məlumatlandırıcı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.
Sonra tədbir iştirakçıları Zaqatala Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarların qəbulu, onlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. KOB dostu ofisində “KOB könüllüləri” də fəaliyyət göstərəcək.
Həmin gün KOBİA-nın nümayəndələri Zaqatala rayonunda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində (KOBİM) də olublar. Zaqatala-Balakən KOBİM ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərindən biridir. Digər KOBİM-lərdə olduğu kimi, burada da sahibkarların, startapların və biznesə yeni başlamaq istəyən şəxslərin sahibkarlıq sahəsində biliklərinin və məlumatlığının artırılması üçün təlimlər keçirilir, məsləhət və digər xidmətlər göstərilir. KOBİM-lərin göstərdiyi bütün xidmətlər ödənişsizdir.