Azərbaycanda istedadlı idarəçilərin və kadrların müəyyən edilməsi üçün təşkil edilmiş «Yüksəliş» müsabiqəsinə yekun vurulub.
FED.az xəbər verir ki, ötən gün keçirilən final yarışmasında əvvəlcədən nəzərdə tutulduğu kimi 20 nəfər deyil, 27 nəfər qalib gəlib.
27 şəxs “Yüksəliş” müsabiqəsinin final mərhələsində ən yüksək nəticə əldə edərək qalib olub. 9 iştirakçı eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından, onların qalib elan olunmasına qərar verib.
Qaliblərin 4-ü qadındır. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.
Qaliblər 1 il ərzində böyük şirkətlərin top-menecerləri, ictimai xadimlər və dövlət qurumlarının rəhbərləri tərəfindən karyera məsləhətləri alacaqlar.
Müsabiqənin 20 finalçısı isə idarəçilər üçün yaxşı proqramlar çərçivəsində bacarıqlarını artırmağa kömək edəcək qrantlar qazanacaqlar.
Qeyd edək ki, «Yüksəliş» müsabiqəsinin təşkilat komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevadır.
Təşkilat komitəsinin üzvləri isə iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirləri Sahil Babayev, prezidentin köməkçisi Anar Ələkbərov, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, Milli Məclisin üzvü Ülvi Quliyev və İstimai tele-radio şirkətinin rəhbəri Balakişi Qasımovdur.