Ölkəyə qanunsuz telefon idxalına qarşı mübarizənin gücləndirilməsi və IMEI kodlarının qeydiyyata alınması üçün yüksək dövlət rüsumlarının tətbiq edilməsi rəsmi distribyütorların satışlarının artması ilə nəticələnib.
Telefon satışı şirkətlərindən birinin nümayəndəsi bildirib ki, fiziki şəxlərin idxal etdikləri telefonların qeydiyyatına yüksək rüsumların tətbiqi rəsmi bazarda satışların artmasında özünü göstərir:
“Ölkəyə müxtəlif mexanizmlərdən istifadə edilərək telefon idxal edilirdi. Gömrük Komitəsi qaçaqmalçılığa qarşı mübarizəni gücləndirib. Fiziki şəxslərin xaricdən telefon gətirmələri də məhdudlaşdırılıb. Həmçinin IMEI kodlarının qeydiyyata alınması üçün yüksək dövlət rüsumları müəyyən edilib. Bütün bu tədbirlər həm pərakəndə, həm də topdan satışlarımızın 15-20 faiz artmasına səbəb olub”.
Nümayəndə əlavə edib ki, hələ də müxtəlif yollarla ölkəmizə qeyri-rəsmi telefonların idxalı davam edir.
"Müxtəlif şəxslərin adlarına telefon idxalı həyata keçirilir. Müvafiq nazirliklər bu məsələnin üzərində işləyirlər. Qeyri-rəsmi idxala və sui-istifadə hallarına son qoyulduqdan sonra leqal bazarda satışların daha da artacağını gözləyirik".
“SAMSUNG-LARIN QİYMƏTLƏRİNDƏ ENDİRİM OLUB”
Nümayəndə bildirdi ki, hökumətin rəsmi idxalçıları dəstəkləməsi bazarda qiymətlərin artması ilə nəticələnməyib, əksinə telefonlar ucuzlaşıb:
“Son bir ay ərzində Samsung şirkəti Azərbaycan bazarı üçün telefonlarının qiymətlərini endirb. Endirim gözə çarpacaq dərəcədədir. Samsung öz strategiyasına uyğun olaraq qiymətləri aşağı salıb, rəqiblərindən geri qalmaq istəmir”.
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilib.
Satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması dövlət rüsumu tutulan hallara əlavə olunur.
Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.
Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödənilir.