Azərbaycanda bələdiyyə vergi və ödənişləri Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” (HÖP) ilə aparılacaq. FED.az xəbər verir ki, bələdiyyə vergiləri və ödənişlərin HÖP vasitəsilə yığılması üçün Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, kənd və qəsəbə bələdiyyə assosasiayaları ilə birlikdə görülən işlər başa çatdırılıb. Nəticədə yaradılmış “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” HÖP infrastrukturuna inteqrasiya olunub.
Eləcə də bax: Vətəndaş vəfat etsə də - VERGİSİ ÖDƏNİLMƏLİDİR - NAZİRLİKDƏN AÇIQLAMA
İlkin mərhələdə ölkədə mövcud olan 1 607 bələdiyyə orqanlarından 700-dən çoxu üzrə vergi ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edilib. Yaxın dövrlərdə yerli bələdiyyə orqanları ilə “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” tərəfindən həyata keçirilən birgə tədbirlər çərçivəsində digər bələdiyyə orqanları üzrə vergi ödəyiciləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi başa çatdırılacaq və ölkənin bütün regionlarında ödənişlərin qəbulu təmin ediləcəkdir.
6 sentyabr 2019-cu il tarixindən yerli (bələdiyyə) vergi və ödənişlər Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bank və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında istənilən vasitələrlə, o cümlədən nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və IOS platformalı) istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər.
Ödəniş etmək üçün ödəyicidə bələdiyyələr tərəfindən verilən “Yerli Vergi Ödəyicisinin Kodu” (YVÖK) olmalıdır. Bu kodu bələdiyyəyə müraciət etməklə almaq olar.