Azərbaycanda əllə hazırlanmış və yerli inqrediyentlərlə zəngin təbii şokolat istehsalçısı olan “Enjoy Chocolates” şirkəti satışdan əldə etdiyi gəlirlərini sosial layihələrə yönləndirir.
Eləcə də bax: “Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib – FOTOLAR
Şirkətin direktoru Saleh Nəsirovun FED.az saytına verdiyi məlumata görə, “Enjoy Chocolates” sosial sahibkarlıq layihəsidir və şokoladların satışından əldə olunan bütün gəlirləri United Aid For Azerbaijan (UAFA) təşkilatının xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi sosial xidmətlərə yönləndirir: “Bu layihəyə 2019-cu ildən start verilib və növbəti ildən etibarən layihənin daha da genişləndirilməsi nəzərdə tutulub. Hazırda satışları onlayn üzərindən həyata keçiririk.
2020-ci il ərzində satış kanallarımızı genişləndirmək məqsədi ilə Bakı şəhərində ilk satış butikimizi açmaq niyyətindəyik”. Saleh Nəsirov bildirib ki, hazırda korporativ müştərilər ümumi satış portfelinin təxminən 90%-ni təşkil edir. “Satış onlayn üzərindən olduğu üçün fərdi müştərilər azdır, korporativ müştərilərimiz daha çoxdur. Korporativ müştərilərimiz sırasına “Qala Sığorta”, “Qala Həyat”, “PAŞA Holding”, ABŞ-ın Azərbaycandakı səfirliyi, AmCham, IWC Baku və digər şirkətlər daxildir” – deyə şirkət rəhbəri vurğulayıb.
Qeyd edək ki, təbii və yerli inqrediyentlərdən istifadə olunmaqla hazırlanmış "Enjoy" şokoladları ilk dəfə olaraq KOBİA-nın "KOB Dəstək Proqramı" çərçivəsində Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində təqdim olunub. Xatırladaq ki, “Enjoy Chocolates” qutusunda 12 ədəd şokolad olur və bir qutunun qiyməti 15 AZN-dir.