18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub. Builki sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib.
Dörd gün ərzində sərgiyə 30 mindən çox ziyarətçi qatılıb. Mikro və kiçik sahibkarların iri şirkətlərin təchizat zəncirində iştirakının artırılması məqsədilə sərgi çərçivəsində KOB-ların 10-a yaxın iri şirkətlə “B2B” görüşləri təşkil olunub.
KOB-ların ixrac imkanlarının artırılmasına dəstək üçün sərgidə bir sıra xarici ölkələrin ticarət palatalarının və müvafiq təşkilatların iştirakı təmin edilib. KOB-lara dəstək məqsədilə builki sərgidə də ödənişsiz stend ayrılıb. “Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçirilən sərginin bu ilki tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) olub.