Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunda mikrob tapıb. Agentlikdən FED.az-a bildiriblər ki, həmin məhsullardan müayinələr üçün nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə aşkar edilib.
Bunu nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi “BMS Aqro” MMC-yə “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edib.
«Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən və insan sağlamlığına ciddi təsir göstərə biləcək bu cür məhsulların istehsalı və satışı ilə məşğul olan sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir»-deyə agentliyin açıqlamasında bildirilir.