“Şəki rayonunda 30 tütünqurutma kamerası, “Made in Azerbaijan” brendi ilə xarici bazara məhsulun çıxarılmasına imkan verən, Qax rayonunda balın sənaye üsulu ilə emalı və qablaşdırılması, Balakən rayonunda meyvəqurutma, sərinləşdirici içkilərin istehsalı və qablaşdırması müəssisələri qurulur”.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 109 milyon manat güzəştli kredit verilib və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə ümumi dəyəri 74 milyon manat olan 20 sahibkarlıq subyektinə 24 investisiya təşviqi sənədi verilib və bu sənədlər əsasında 6 milyon manat vəsaitə qənaət olunub. Bu iqtisadi rayon üzrə müasir texnologiyaların tətbiqi ilə güzəştli kreditlərdən istifadə etməklə Şəki və Qax rayonlarında 1400 hektar ərazidə yeni fındıq bağları salınır.