“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə və Yaponiyanın “Tet İnternational Development” şirkətinin prezidenti və icraçı direktoru Taro Savadanın başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
Eləcə də bax: Yaponiya Azərbaycanda - ÇAY VƏ ŞOKOLAD BURAXACAQ
ASC-dən FED.az-a verilən məlumata görə, 2017-ci ildən Azərbaycanda əsasən kənd təsərrüfatı üzrə bir sıra maraqlı layihələrə imza atan “Tet İnternational Development” şirkəti tərəfindən 2019-cu ildə Oğuz rayonunda investisiya yatırımı həyata keçirilərək, tütünqurutma məntəqəsinin tikintisi işlərinə başlanılıb və 50 ədəd tütünqurutma kamerası alınaraq, məntəqədə quraşıdırılıb. Yaxın gələcəkdə isə daha 100-200 ədəd tütünqurutma kamerasının alınması, quraşdırılması, eləcə də Şəki, Qax, Zaqatala və Balakən rayonlarında da tütün istehsalı və emalı üzrə fəaliyyət göstərilməsi planlaşdırılır.
Azərbaycanda 5 min ha ərazidə tütün əkininin təşkilini hədəf seçən Yaponiya şirkəti birgə əməkdaşlığın davamı olaraq, yaxın gələcəkdə “Made in Azerbaijan, Desighned by Japan” ticarət nişanı adı altında tütün məhsullarının istehsalı təklifini də irəli sürüb.
Dünyanın aparıcı siqaret istehsalçıları olan şirkətlər ilə əməkdaşlıq edən “Tet İnternational Development” in nümayəndələri Azərbaycanda tütünün əkindən başlayaraq, məhsulun istehsalı və satışı da daxil olmaqla bütün mərhələlərində birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Görüş zamanı qeyd olunub ki, investisiya yatırımı, peşəkar kadr, nou-hou texnologiyaların tətbiqi və menecment işinin təşkili baxımından əhəmiyyət daşıyan bu əməkdaşlıq tütünçülüyün inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olunmasında bir sıra istiqamətlərin müəyyənləşdirilməsinə təkan verəcəkdir.
Korporasiyanın baş direktoru Kamran Nəbizadə hər iki qurum arasında iş birliyinin qurulması və uzunmüddətli əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyətin vacibliyini və əhəmiyyətini vurğulayıb. Baş direktor qeyd edib ki, bu qəbildən olan görüşlər qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərir.
Görüşdə Korporasiyanın “Strateji inkişaf və kommersiya”, eləcə də “Aqrar istehsalat və ticarət” departamentinin nümayəndələri və “Tet İnternational Development” şirkətinin vitse-prezidenti Muneçika Tanio iştirak edib.
Görüş zamanı birgə əməkdaşlıqların davamı olaraq, Yaponoyanın paytaxtı Tokio şəhərində Azərbaycan məhsullarının tanıtımı məqsədilə “Azerbaijan Shop” adı altında mərkəzin açılışı da müzakirə mövzusu olub.