Bir neçə gün əvvəl ölkədə ən böyük inşaat materialları satış bazalarından biri olan "EuroHome"da yanğın baş verdi. Nəticədə milyonlarla manat vəsait məhv oldu. Bu hadisə özü ilə bir çox şübhəli məqamları da gündəmə gətirdi. Bəhs edilən bazar il ərzində yanaraq kül olan iri ticarət mərkəzlərindən sadəcə biri idi. Bəzi insanlar yanğının məqsədli şəkildə baş verdiyini, bəziləri də sadəcə təhlükəsizlik tədbirlərinə əməl edilmədiyi üçün bu cür hadisələrin yaşandığını söylədi. İşin əslini bilmək çətindir. Ancaq bu hadisə göstərdi ki, hadisələrə qarşı müəyyən tədbirlərin görülməsi olduqca vacibdir. Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayevlə "EuroHome" inşaat materialları satış mərkəzində baş verən yanğının səbəblərindən danışdıq.
Eləcə də bax: ““EuroHome” bazarı sığortalanmayıbsa, bu halda FHN-nin də - MƏSULİYYƏTİ YARANIR” - EKSPERT
FED.az xəbər verir ki, Elnur Babayev Yeniavaz.com-a açıqlamasında bütün iri ticarət müəssisələrində avtomatik yanğın xəbərverici və yanğınsöndürmə qurğularının, ilkin yanğınsöndürmə avadanlıqların olmasının vacib olduğunu bildirdi: "Ticarət mərkəzlərində və bənzəri yerlərdə yanğın təzəcə başlayan kimi onu söndürmək üçün hər cür şərait olmalıdır. Eləcə də bu cür yanğınları vaxtında odsöndürən balonlar vasitəsilə söndürmək mümkündür. Qeyd edim ki, qurğular və digər avadanlıqların olması ilə yanaşı insan faktoru da vacibdir. Belə ki, müəssisədə çalışanların sayı 15 nəfərdən çoxdursa orada könüllü yanğın dəstələri təşkil edilməlidir".
Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi həmçinin bildirdi ki, yanğın və bənzəri faciələrin qeyri-iş vaxtı baş vermə ehtimalına qarşı müəssisənin mühafizəçilərindən və digər işçilərdən ibarət yanğın dəstələri təşkil edilməlidir:
"Onlar bilməlidir ki, yanğın baş verən kimi ilk növbədə FHN-nin 112 qaynar zəng mərkəzinə zəng etməli, sonra daxili su kranlarından, odsöndürən balonlardan istifadə edərək yanğını söndürməyə çalışmalıdılar. Burada digər vacib məsələ də yanğın su kranlarında lazım olan təzyiqin olmasıdır. Böyük müəssisələrdə yanğınsöndürmə qurğularının saz vəziyyətdə saxlanmasına da nəzarət edilməlidir".
Polkovnik bildirdi ki, "EuroHome"da aparılan müşahidələr nəticəsində məlum olub ki, satış sahələrindən anbar kimi istifadə olunub. Yəni pərakəndə satış sahələri çox miqdarda satış malları ilə yüklənmiş, bu hal isə yanğının daha da şiddətlənməsinə səbəb olub:
"Bəhs edilən mağazalarda sadəcə nümunələr olmalı idi. Binanın içərisindəki mağazalarda sahibkarlar həmçinin özlərindən arakəsmələr düzəldiblər. Orada istifadə olunan materiallar da tezalışan materiallardan ibarət olub. Orada yığılan normadan artıq mallar və bəhs etdiyimiz digər faktorlar yanğının qısa zaman kəsiyində geniş sahəni əhatə etməsinə səbəb olub. Qeyd etmək istəyirəm ki, “EuroHome”da yanğının başlaması xəbəri bizə saat 8:13-də daxil olub. 8:14-də artıq avtomobillərimiz hazırlaşaraq yola düşüblər. 8:19-da isə yanğınsöndürmə avtomobillərimiz artıq hadisə yerində idilər".
Elnur Babayev inşaat materialları satış mərkəzinin rəhbərliyinə bu il ərzində iki dəfə məktub göndərdiklərini və məktubda obyektdə mövcud olan yanğına qarşı nöqsanların sadalandığını, qısa müddət ərzində aradan qaldırılması üçün əməli işlərin görülməsini tövsiyə edildiyini bildirdi:
"Biz artıq aprel və iyun aylarında məktubla müraciət edərək həmin müəssisənin yanğına qarşı mövcud vəziyyətinin qənaətbəxş olmadığını xəbər vermişdik. Biz onların rəhbərliyinə bildirdik ki, orada yanğın hadisəsi baş versə ağır faciələrə səbəb ola bilər. Bu gün məlum oldu ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin narahatlığı əbəs deyildi. Orada bizim məsləhət gördüyümüzü təhlükəsizlik tədbirlərinə əməl edilsə idi faciənin fəsadları daha az ola bilərdi. Hamımız bunun şahidi olduq".