"Yandex" və "Uber" şirkətləri Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn-sifariş üzrə taksi xidmətlərinin birləşdirilməsinə dair müqavilə imzalayıb.
FED.az xəbər verir ki, "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Yandex.Taxi" şirkətinin baş direktoru bildirib ki, xidmətlərin birləşməsindən sonra istifadəçilər üçün "Yandex.Taxi", eləcə də "Uber" tətbiqlərinin hər ikisi əlçatar olacaq.
"Sürücülərin bazası vahid platformada birləşəcək. Bu isə sürücülərə bir dəfəyə iki proqramdan sifariş almağa imkan verəcək. Bütün bunlar sürücülərə 1 saatda daha çox sifariş almaq, sərnişinlərə isə gedişin münasib qiymətə olmasına şərait yaradacaq", - o, bildirib.
Qeyd edək ki, bütün taksi sürücüləri sifarişlər bölgüsünün eyni alqoritmi və "Yandex"in naviqasiya-kartoqrafiya texnologiyasından istifadə edəcəklər. Bundan əlavə, indi istifadəçilər üçün xüsusi rouminq sazişi fəaliyyət göstərəcək.
Hazırda "Yandex"in səhmlərinin dəyəri tarixi maksimuma çatıb.