Azərbaycanda koronavirusa qarşı izolyasiya tədbirləri davam edir. Həmin tədbirlər çərçivəsində kafe-restoranlar saat 15.00-dək işləyir, böyük ticarət mərkəzləri işləmir, kütləvi tədbir və toplantıların keçirilməsi təxirə salınıb.
Eləcə də bax: Karantin rejimini pozan sahibkarlara qarşı ciddi - TƏDBİRLƏR GÖRÜLÜB
FED.az xəbər verir ki, buna baxmayaraq bəzi şəhər və rayonlarda, o cümlədən paytaxt Bakıda ayrı-ayrı kafe-restoran sahibləri iş rejimini pozur, saat 15.00-dan sonra da işləməyə çalışırlar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 26-27-də epidemiya rejimini pozan ölkədə 25, o cümlədən Bakıda 10 kafe-restoran aşkar edilib. Onların hamısı inzibati cərimə edilib.
Bundan başqa, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və “Whatsapp”da əhalinin təşvişinə salan dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfər müəyyən edilərək polis orqanlarına dəvət edilib. Araşdırmalardan sonra onlardan 7 nəfərə xəbərdarlıq, 5 nəfərə cərimə tətbiq olunub, 3 nəfər inzibati həbs edilib.
Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna, eləcə də qeyd edilən ərazilərdə qeydiyyatda olanların respublikanın digər şəhər və rayonlarına buraxılmasının məhdudlaşdırılmasının icrası çərçivəsində xüsusi polis postlarından 1590 avtomobil geri qaytarılıb ki, onlardan 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd edib.
Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə 1 nəfər barəsində cinayət işi başlanıb, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.