Azərbaycanda mülki-hüquqi müqavilə ilə (xidməti müqavilə ilə işləyənlər də bura aiddir) işləyənlərin siyahısı tutulacaq.
FED.az xəbər verir ki, bu yenilik Nazirlər Kabinetinin təsdiqlədiyi «Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə QAYDASI»nda əksini tapıb.
Eləcə də bax: Xidməti müqavilələr dəyişir –DSMF VƏ VERGİ TAM ÖDƏNİLƏCƏK - NAZİRDƏN AÇIQLAMA
«Məşğulluq haqqında» qanunun tələblərindən biri də ölkədə məşğul şəxslərin reyestrinin yaradılmasıdır. Və bu qanuna uyğun olaraq sözügedən qaydalar hazırlanıb. Sənədə əsasən məşğul şəxslərin reyestri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılacaq. Bu reyestrdə istənilən formada məşğul olan şəxslər barədə məlümatlar yığılacaq. Belə ki,
Əmək müqaviləsi ilə işləyənlər - barədə məlumat elə nazirliyin öz elektron bazasından;
Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə qəbul edilən məşğul şəxslər barədə - həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;
mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər və sahibkarlar barədə - Vergilər Nazirliyinin apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən kağız daşıyıcılarda:
ailə kəndli təsərrüfatının üzvləri barədə - onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota alındıqları gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;
haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər barədə - onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 ay müddətində bu barədə kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;
ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə - Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;
Azərbaycan ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə - Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında reyestrə daxil ediləcək.
Maraqlıdır ki, bu sistemə başqa ölkələrdə işləyən Azərbaycan vətəndaşları haqqında da məlumatar daxil ediləcək.