2019-cu ilin yanvar-avqust aylarında Azexport.az portalına 399,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında ixrac sifarişləri 8,8 faiz artıb. 2019-cu ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 52,7 milyon ABŞ dolları təşkil edib və ötən ilin avqust ayı ilə müqayisədə 2,3 faizlik artım qeydə alınıb.
FED.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayında qeyd edilib.
Eləcə də bax: Qeyri-neft sektoru üzrə ixracdakı vəziyyət - AÇIQLANDI
2019-cu ilin yanvar-avqust aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,4%), Türkiyə (5,8%), ABŞ (5,8%), Hindistan (5,5%) və İngiltərə (5,2%) qərarlaşıb.
Bu ilin avqust ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq məhsulları, tütün, şərab, toyuq əti, yumurta, soğan, meyvə şirəsi, qənnadı məhsulları, tikinti materialı, xiyar, çay, qurudulmuş meyvə, zəfəran, bal, meyvə tamlı süd, qablaşdırılmış mineral su, mühərrik yağı, mebel dəsti, gül və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 avqust tarixinə kimi (32 ay ərzində) Azexport.az portalına dünyanın 136 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 388 milyon ABŞ dolları təşkil edib.
“İxrac İcmalı”nda göstərilib ki, bu ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 7,7 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 99,4 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Trend