Vergilər Nazirliyi 100% xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatı sisteminin tətbiqinin yekun mərhələsinə başlayıb. FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.
Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyat sistemi tətbiqi üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin İnternet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imzası ilə təsdiq etməklə qeydiyyat orqanına müraciət etməsi nəzərdə tutulur. Müraciət zamanı təsisçi fəaliyyət sahəsi barədə məlumatı bəyan etməli, özünün daxil etdiyi məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olmalı və onu gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Həmçinin xarici investisiyalı MMC-nin Azərbaycanda hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur. Xarici investisiyalı MMC dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək.
Turan.az