Cari ilin ilk 9 ayında Azərbaycandan xaricə ən çox qeyri-neft ixrac edən şirkətlər açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”na istinadən xəbər verir ki, ixracla məşğul olan özəl şirkətlərin ilk 10-luğu siyahısında dəyişikliklər olub. var, eləcə də bəzi şirkətlərin ixrac həcmləri ciddi şəkildə artıb.
İxracçı şirkətlərin siyahısına ölkənin əsas pambıq istehsalçısı olan “Prime Cotton” başçılıq edir. Şirkət bu il xarici bazarlara ixracını 11,3 milyon dollar (14,2%) artıraraq 79,5 milyon dollardan 90,8 milyon dollara çatdırıb.
Siyahıda ən böyük artım Azərbaycanda qızıl və mis istehsalı ilə məşğul olan Azərbaycan Beynəlxalq Mədən Şirkətinin (“AİMKL”nin Azərbaycandakı nümayəndəliyi) ixracında baş verib. Şirkət xaricə ixracatını ötənilki 20 milyon dollardan 84,9 milyon dollara çatdıraraq 64,9 milyon dollar və ya təxminən 4,2 dəfə artıma nail olub. Nəticədə siyahıda 2-ci yeri tutur.
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC ixracatını 14,5 milyon dollar (45,3%) artıraraq 32 milyon dollardan 46,5 milyon dollara çatdırıb və reytinqdə üçüncü yeri tutub.
Ötən ilin liderlərindən olan “Baku Steel Company” QSC-nin ixracatında isə cüzi azalma qeydə alınıb və şirkətin ixracatı 2,8 milyon dollar (5,9%) azalaraq 44,9 milyon dollar təşkil edib.
“STP Alüminium” isə xaricə ixracını təqribən 6 dəfə artırıb. Belə ki, ötən il 5,4 milyon dollar təşkil edən alüminium ixracı, bu il 31,5 milyon dollara yüksəlib.
Siyahıdakı digər şirkətlərin göstəricilərində də ciddi artım və dəyişikliklər var.
Azərbaycanda taxıl və pambıq istehsalı ilə məşğul olan “P-AQRO” da ixracını artırıb. «P-Aqro»nun ixracı ötənilki 25,6 milyon dollardan bu il 27,8 milyon dollara yüksəlib.
Tütün məhsullarının, siqaret ixracı ilə məşğul olan «TABATERRA»nin göstəricisi isə 27,5 milyon dollardan 28,3 milyon dollara yüksəlib.
Bu dəfə ilk 10 şirkət sirasına yeni şirkətlər də daxil olub. Ötən il reytinqdə olmayan “Export Stream” MMC (40,2 milyon dollar), “UYTROP” MMC (29,1 milyon dollar) və “HOPER” MMC (22,9 milyon dollar) bu il yüksək göstəricilərlə ilk onluqda yer alıblar.
Maraqlıdır ki, “Export Stream” MMC ilk 10-luğa bu ilin mart ayında, “UYTROP” MMC iyun, “HOPER” MMC isə iyul ayından daxil olublar.
Maraqlıdır ki, bu şirkətlər 1 il əvvəl təxminən eyni vaxtda – 2024-cü ilin noyabrında yaradılıblar.
Qeyd edək ki, «Export Stream” MMC cəmi 1 ildir yaradılıb - ötən ilin 19 noyabrında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Şahin Əhmədov Əli oğludur. Hüquqi ünvanı AZ1009, Bakı Şəhəri Nəsimi Rayonu, Ak.Şamil Əzizbəyov, ev.105 ünvanıdır.
«HOPER» MMC də «Export Stream” MMC ilə eyni gündə – 2024-cü ilin 19 noyabrında dövlət qeydiyyatına alınıb, 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Ramin Həmidov Həmidağa oğludur. Hüquqi ünvanı AZ1117, Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yəhya Hüseynov (Biləcəri Qəs.), ev.98, m.16 ünvanıdır.
“UYTROP” MMC isə digər iki şirkətdən 6 gün sonra – 2024-ün 25 noyabrında dövlət qeydiyyatına alınıb, 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Fuad Əliyev Vilayət oğludur. Hüquqi ünvanı AZ1023, Bakı Şəhəri Səbail Rayonu, Nesterov, ev.8a ünvanıdır.
Başqa sözlə, ötən ilin noyabrın 19-25-də yaradılan bu 3 şirkət bir neçə ayda ümumi ixraclarını 92,2 milyon dollara çatdıra biliblər.














