Bundan sonra Azərbaycanda şirkət qurmaq və hər hansı əməliyyat aparmaq istəyən xaricilər bunu ölkəyə gəlmədən də edə biləcəklər. FED.az xəbər verir ki, bu ölkədə ilk dəfə tətbiq edilən mobil rezidentlik sayəsində mümkün olub.
Xarici investorlar üçün böyük imkanlar açan bu yenilik bu gün, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə birgə “Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi"ndə təqdim edilib.
Konfransda dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil imza – ASAN imza təqdim olunub. Eyni zamanda Azərbaycan Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olub.
Konfransda ticarətin rəqəmsallaşması, iştirakçı ölkələr arasında e-xidmətlərin sərhədlərarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub.
Konfransda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı deyib ki, dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı, ilk mobil rezidentlik və ikinci elektron rezidentliyin Azərbaycanda təqdim olunması ölkəmizin innovativ inkişafa verdiyi əhəmiyyəti göstərir: «Azərbaycan qlobal trendləri nəzərə alaraq dördüncü sənaye inqilabının ruhuna uyğun şəkildə rəqabətədavamlı iqtisadiyyat qurmalıdır».
Tədbirdə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli isə video çarx vasitəsi ilə elektron və mobil rezidentliyin əsas mahiyyəti, üstünlükləri və imkanları barədə iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, qeyri-rezidentlərə elektron imza sertifikatı, həmçinin, elektron və mobil Rezidentlik Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”na əsasən təqdim edilir.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri isə bildirib ki, Azərbaycan bir çox aspektlər, o cümlədən texnoloji baxımdan qərblə şərqi birləşdirən bir məkandır.
Yeri gəlmişkən, tədbirdə İSESCO-nun baş direktoruna və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa Azərbaycanın ilk mobil operatoru Bakcellin şəbəkəsi əsasında hazırlanan mobil rezidentlik və milli geyim hədiyyə olunub.
Konfransda Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, Türkiyənin EDAM beyin mərkəzinin rəhbəri Ussal Şahbaz, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, "Gazinformservice" MMC-nin baş icraçı direktorunun müşaviri Sergey Kiryushkin, Bridgizz-in baş icraçı direktoru Ahmed Larouz və başqaları çıxışlar ediblər.
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, İsveçrə, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və s. olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə iştirak edib.
Xaricdə oturub Azərbaycanda şirkət açmaq – MÜMKÜN OLDU
14:30
24 Okt 2018