Fevralın 7-də “Xaçmaz KOB evi”nin fəaliyyətə başlamasından 2 il ötür. Ötən müddət ərzində “Xaçmaz KOB evi” tərəfindən sahibkarlara 49931 xidmət göstərilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a verilən məlumata görə, bunlardan 47973-ü (96%) “G2B”, 1958-i (4%) isə “B2B” xidmətlərdir.
“Xaçmaz KOB evi” tərəfindən sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi genişlənməkdədir. Belə ki, 2022-ci ilin yanvar ayında “Xaçmaz KOB evi”ndə daha 2 yeni “G2B” xidmət sahibkarların istifadəsinə verilib.
Hazırda “Xaçmaz KOB evi”ndə sahibkarlara 10 dövlət qurumu tərəfindən 150-dək “G2B”, 6 özəl şirkət tərəfindən 100-dək zəruri “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı, kommunal xidmətlər, bank və s. xidmətlər üçün “Xaçmaz KOB evi”nə müraciət edə bilərlər.
“Xaçmaz KOB evi”nin xidmətlərindən daha çox istifadə edən rayonlar arasında Xaçmaz, Quba və Qusardan olan sahibkarlar üstünlük təşkil edir.
Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir.