Azərbaycanda COVID-19 dövründə miqrasiya sahəsində çevik, şəffaf və səmərəli idarəçilik modeli qurulub. Belə ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasına ilk yoluxma faktının qeydə alındığı 28 fevral 2020-ci il tarixdən sonra qısa müddət ərzində yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış dayandırılıb, ölkə daxilində xüsusi karantin tədbirləri tətbiq edilmiş, daxili yerdəyişmə məhdudlaşdırılıb.
Eləcə də bax: İş icazələrinin əksəriyyəti - LƏĞV EDİLİB – İŞ ADAMLARI PROBLEMLƏ ÜZLƏŞİB
FED.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
V.Hüseynov deyib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən pandemiyanın ilk günlərindən əcnəbilərə göstərilən elektron xidmətlər mövcud tələbata uyğunlaşdırılıb və yenilənib, həmçinin tələb olunan bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi təmin edilib. Elektron xidmətlərə çıxış, həm də Xidmət tərəfindən hələ 2018-ci ildən istifadəyə verilmiş və vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş “MigAz” mobil tətbiqi vasitəsilə də mümkündür. Ötən dövr ərzində elektron xidmətlərdən istifadə qaydaları və Xidmət tərəfindən həyata keçirilən işlərlə bağlı müxtəlif dillərdə maarifləndrici və məlumatlandırıcı vəsaitlər, o cümlədən videotəlimatlar hazırlanmış, sosial şəbəkələr də daxil olmaqla kütləvi informasiya vasitələrində yayımlanaraq hədəf qruplarına çatdırılmışdır. Qeyd edilənlərlə yanaşı, Xidmətin 3 dildə (Azərbaycan, ingilis və rus) 24 saat fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilmiş və göstərilən xidmətin daha da təkmilləşdirilməsi məqsədilə funksional imkanlar artırılıb. Bu gün də Çağrı Mərkəzi tərəfindən müraciətlər dərhal, zərurət olduqda isə araşdırıldıqdan sonra cavablandırılır, məlumatlandırma və məsləhət xidməti göstərilir, həmçinin şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönəldilməsi həyata keçirilir. Maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilərkən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin 7 aprel 2020-ci il tarixində dərc etdiyi COVID-19 dövründə miqrantların insan hüquqlarına dair Tövsiyəsi də nəzərə alınır”.
V.Hüseynov qeyd edib ki, 31 mart 2020-ci il tarixdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı COVID-19 dövründə üzv dövlətlərə qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı əsas ismarıclarını çatdırıb: “Burada COVID-19 dövründə sığınacaq verilməsi üçün müraciətlərin qəbulunun dayandırılmaması, hərəkət azadlığına tətbiq edilən məhdudiyyətlərin ixtiyari olmaması və ya hər hansı ayrı-seçkiliyə yol verilməməsi, pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdə qaçqınların, məcburi köçkünlərin və digər qrupların unudulmaması əsas başlıqlar idi. Azərbaycanda pandemiya dövründə qaçqın statusu əldə etmək üçün müraciətlər dayandırılmadı. Sığınacaq axtaran şəxslərin müraciətlərinə baxılması təxirə salındı və onlara ölkə ərazisində qalmaq üçün verilən icazələrin müddəti uzadıldı. COVID-19-dan öncə qaçqın statusunun verilməsindən imtina edilən şəxslərin ölkədən çıxması tələb olunmadı və ya onlar məcburi şəkildə saxlama mərkəzlərinə yerləşdirilmədi”.
Xidmət rəisi əlavə edib ki, Beynəlxalq Əmək Təşkilatı 30 aprel 2020-ci il tarixdə COVID-19 pandemiyası dövründə əməkçi miqrantların hüquqlarının qorunmasına dair Tövsiyələrini açıqlayıb: “Sənəddə əməkçi miqrantların ən həssas kateqoriyaya aid olduğu göstərilərək onların düzgün məlumatlandırılması, ərzaq təhlükəsizliyinin təminatı, səhiyyə xidmətlərindən bərabər istifadə hüququnun tanınması bildirilib, miqrantlara qarşı ayrı-seçkiliyin və ksenofobiyanın artması, işdən qovulma, eləcə də ölkə hüdudlarından kənara çıxarma hallarına xüsusi diqqət yetirilməsi tövsiyə olunub. Bildiyiniz kimi Azərbaycanda əməkçi miqrantlar işəgötürənlər tərəfindən alınmış iş icazələri əsasında işləyirlər. Müqayisə üçün qeyd edilməlidir ki, 2020-ci ilin ilk altı ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə iş icazələrinin alınmasında 16% azalma müşahidə olunub. Azərbaycanda xüsusi karantin rejiminin tələbləri çərçivəsində bir sıra müəssisələrin fəaliyyətini müvəqqəti dayandırdığı və giriş-çıxışa tətbiq edilən məhdudiyyətin 5 aydan çox davam etdiyi nəzərə alındıqda, bu göstəricinin yaxşı hesab oluna biləcəyi qənaəti formalaşır. Hazırda iş icazəsi əldə edən əməkçi miqrantlar yerli əmək ehtiyyatlarının iddia etmədiyi vəzifələri tutan və əsasən əvvəlki illərdə bu icazə ilə təmin olunan və müddətin uzadılması üçün müraciət edən şəxslərdir. İş icazələri ilə bağlı hazırkı dinamika göstərir ki, mövcud pandemiya vəziyyətində ölkənin sosial-iqtisadi stabilliyinin qorunması üçün məhz dövlət tərəfindən görülmüş adekvat tədbirlər nəticəsində iqtisadi fəaliyyətdə dinamika saxlanılıb, bu isə əcnəbilərin müqayisəli baxdıqda məhdud sayda işdən çıxarılması ilə nəticələnib. Bundan başqa, əmək müqaviləsinin müddəti uzadılmayan və ölkədə yaşama icazəsinin müddəti bitən əməkçi miqrantların və onların ailə üzvlərinin ölkədən kənara çıxarılması və ya onların qanunsuz miqrant statusuna düşməsi halı mövcud deyil. Belə ki, Xidməti tərəfindən həmin əcnəbilərin ölkədə olma müddətinin uzadılması təmin edilib”.
DMX rəisi bildirib ki, bu dövrdə hətta qanunsuz əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyənləşdirilmiş miqrantlar barəsində ölkə hüdudlarından kənara çıxarma tətbiq edilməyib, onların ölkədə yaşaması və statuslarının leqallaşdırılması üçün imkan yaradılıb:
“Qanunsuz miqrantların saxlanılması mərkəzlərində vəziyyətə nəzarət etmək, orada yerləşdirilmiş miqrantların virusa yoluxmasının qarşısını almaq prioritet məsələlərdən olub. Pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumat olmadığı üçün dövlətlərin qanunsuz miqrasiya ilə bağlı tədbirlər sahəsində dayanıqlı siyasət formalaşdırması da çətinləşmişdir. Dövlətlər miqrasiya ilə bağlı tutulmanı və saxlama mərkəzlərində yerləşdirilməni dayandırmaq və ya bu tədbirləri davam etdirmək kimi iki əsas seçim qarşısında qalıblar. 28 aprel 2020-ci il tarixində BMT-nin Uşaqlara Yardım Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Saxlama Koalisiyası tərəfindən birgə rəhbərlik edilən Saxlamaya Alternativlər üzrə İşçi Qrup COVID-19 dövründə miqrasiya nəzarəti ilə bağlı dövlətlərə praktiki Tövsiyələrini açıqladı. Sənəddə saxlama mərkəzlərinə yeni miqrantların yerləşdirilməsinin dayandırılması, saxlama mərkəzlərində olanların azad edilməsi və onların alternativ yerlərdə yerləşdirilməsi, qanunsuz miqrantların leqallaşdırılması, saxlama mərkəzlərində şəraitin yaxşılaşdırılması kimi tövsiyələr əksini tapdı. Pandemiya dövründə heç də bütün ölkələrdə qanunsuz miqrasiyaya qarşı tədbirlər dayandırılmadı, hətta kollektiv surətdə çıxarılmalar da daxil olmaqla məcburi kənara çıxarılmalar baş verdi. Bütün bu tədbirlərə cavab olaraq 13 may 2020-ci il tarixində BMT-nin Miqrasiya üzrə Şəbəkəsi Bəyannamə yaydı. Bəyannamə dövlətləri COVID-19 dövründə miqrantların məcburi qayıdışını dayandırmağa çağırdı. Azərbaycan, Tövsiyələr və Bəyannamə açıqlanmadan çox öncə (mart ayında) beynəlxalq hüquqi öhdəliklərinə və miqrasiya siyasətinin xarakterinə uyğun tədbirlər görmüşdü. Belə ki, pandemiya dövründə ölkədə məcburi çıxarmalar və saxlama mərkəzlərinə məcburi yerləşdirilmələr dayandırılmışdı. Hazırda saxlama mərkəzlərində çox az sayda əcnəbi maddi imkanlarının zəifliyi səbəbindən öz müraciətləri əsasında qalmaqdadır. Həmçinin, bu dövrdə heç bir əcnəbi barəsində kənara çıxarma növündə inzibati tənbeh seçilməmiş, qanunsuz yaşayan hər bir miqrant müraciəti əsasında leqallaşdırılıb. Qeyd edilməlidir ki, saxlama mərkəzlərində olan heç bir əcnəbidə COVID-19 aşkar edilməyib. Həmçinin, mərkəzlərdə miqrantların səhiyyə xidmətlərindən yararlanması, ərzaqla təmini, eləcə də dezinfeksiya işləri ilə əlaqədar hər hansı çətinlik və ləngimə olmayıb”. (Apa)