"Veysəloğlu" Şirkətlər Qrupu ona məxsus guya gizli ərzaq anbarının tapılması ilə bağlı mətbuatda yayılan iddiaları rədd edib.
Şirkətdən verilən məlumatda deyilir ki, Veysəloğlu Şirkətlər Qrupuna aid bütün strukturlar, o cümlədən istehsal sahələri və anbar təsərrüfatı şəffaf fəaliyyət göstərir, belə məlumatlar isə tamamilə əsassızdır.
«Hazırda Veysəloğlu Şirkətlər Qrupuna məxsus 20 min m2-dən artıq sahədə deposu mövcuddur. Bu depolar fərqli ərazilərdə yerləşir və təsərüffat subyekti kodu ilə vergi xidmətində qeydiyyatdadır. Mallar tədarükcüdən ciddi hesabat blankı və elektron qaimə ilə qəbul edilir. Anbarlar arası transfer isə ciddi hesabat blankı ilə icra edilir»-deyə şirkətdən bildirilib.
Xatırladaq ki, 1994 cü ildən etibarən fəaliyyət göstərən və ölkənin iri şirkətlərindən olan Veysəloğlu Şirkətlər Qrupuna “Ulduz” şokolad fabriki, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər Şəbəkəsi, “Xonça” şirniyyat evi, “AVT Logistics” və sair şirkətlər daxildir.