Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq çərçivəsində ötən il tələbələr üçün “Satışın idarə edilməsi" üzrə 30 saatlıq tədris baş tutub.
FED.az xəbər verir ki, layihə çərçivəsində Şirkətlər Qrupunun 15 lideri tələbələrə satış, pərakəndə və gündəlik istehlak məhsulları (FMCG) biznes sahəsi üzrə praktiki dərslər tədris edib.
Bu ilin fevral ayından isə “Veysəloğlu“ rəhbərləri "Pərakəndəçilik” üzrə bilik və təcrübələrini bölüşmək üçün dərslərə başlayacaqlar.
Əməkdaşlıq memorandumuna əsasən hər iki qurum tələbələrin pərakəndəçilik və gündəlik istehlak məhsullarısahəsində bilik və bacarıqlarının artırılması, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində birgə fəaliyyət göstərir.
Layihənin məqsədi də tələbələrin real biznes mühitinə keçidini sürətləndirmək və belə böyük şirkətlərin layihələrinə tələbələrin inteqrasiyasını sürətləndirməkdir.
Veysəloğlu Şirkətlər Qrupu 30 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə “Deloitte” şirkətinin təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsinin qaliblərindəndir.