Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Vergilər Nazirliyinin yeni strkuturu təsdiqlənib. FED.az xəbər verir ki, bu sərəncamla nazirliyin strukturunda bir sıra maraqlı yeniliklər baş verib.
Əsas dəyişikliklərdən biri odur ki, Naxçıvan MR Vergilər Nazirliyi Azərbaycan Vergilər Nazirliyinin strukturundan çıxarılıb.
İkinci maraqlı yenilik – Nazirliyin tərkibində İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi təsis edilib. Qeyd edək ki, bir qədər əvvəl dövlət başçısının fərmanı ilə ölkədəki idxal-ixrac əməliyyatlarına nəzarət Gömrük Komitəsi ilə yanaşı, Vergilər Nazirliyinə də həvalə edilmişdi. Bu baş idarənin yaradılması da onunla əlaqədardır.
Digər maraqlı yenilik nazirliyin tərkibində daha bir yeni strukturun - Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin yaradılmasıdır. Vergilər Məcəlləsinə bu ilin əvvəlindən qüvvəyə minən dəyişikliklərə görə, ölkədə biz malların aksiz markalarından başqa xüsusi nişanla markalanması da nəzərdə tutulur. Yeni qurumun yaradılmamı bu istiqamətə mühüm əhəmiyət verildiyini göstərir.
Digər maraqlı yenilik nazirliyin tərkibində yerli bölmələrin bir istiqamətdə birləşdirilməsidir. Qeyd edək ki, indiyədək bu iki strkutura bölünmüşdü - Ərazi vergilər departamentləri və idarələri və Rayon vergilər şöbələri. İndi isə bu qurumların hamısı bir yerə cəmləşəcək.
Digər yenilik isə nazirliyin bütün departamentlərinə Baş İdarə statusunun verilməsi olub.