Vergilər Nazirliyi işçi sayının hesablanması ilə bağlı iki vacib məsələyə aydınlıq gətirib. FED.az xəbər verir ki, Nazirlikdən verilən məlumata əsasən, fiziki şəxs olan sahibkarın işçi sayına aid olub-olmaması ilə bağlı vergi ödəyicilərinin sualları daxil olmaqdadır. Nazirliyin fiziki şəxsin işçi sayında nəzərə alınması ilə bağlı mövqeyi belə olub: " Vergi Məcəlləsinin 13.2.34-cu maddəsinə əsasən, muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs Vergi Məcəllənin məqsədləri üçün “işçi”, bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs “işəgötürən”, bu cür haqq isə “əmək haqqı” adlandırılır. Vergi ödəyicisi olan fiziki şəxs işəgötürən hesab edildiyindən işçi sayına daxil edilmir"
Nazirlik həmçinin Vergi Məcəlləsinin 218.5.8-ci maddəsindəki işçi sayı məsələsinə də aydınlıq gətirib. Qeyd edək ki, Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Maraqlıdır ki, həmin işçi sayına istehsalla birbaşa əlaqəsi olmayan şəxslər (mühasib, gözətçi və s.) də daxil edilməlidir? Vergilər Nazirliyinin bu məsələ ilə mövqeyi odur ki, həmin işçi sayına tutduğu vəzifəsindən asılı olmayaraq, bütün işçilər (mühasib, gözətçi və s.) daxil edilməlidir.