Vergilər Naziyliyi bu sahədə aparılacaq daha bir yeniliyi açıqlayıb. Nazirlikdən FED.az-a verilən məlumata görə, qurum vergi ödəyicilərinin fəliyyətini müxtəlif səviyyələrdə təhlil edəcək.
Vergi sisteminin və vergi qanunvericiliyinin təkmilləşdirilməsinin dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmasını təmin edən analitik potensialın inkişaf etdirilməsi Vergilər Nazirliyində aparılan struktur islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlili ilə məşğul olacaq yeni strukturlar yaradılıb.
İqtisadiyyatda gedən proseslərin vergi sistemi ilə qarşılıqlı təsirləri tədqiq olunacaq
Vergilər nazirinin müşaviri Xəqani Abdullayevin sözlərinə görə, ən vacib institusional yeniliklərdən biri makro və mikro səviyyədə təfərrüatlı və əhatəli analitik bazanın formalaşdırılmasıdır. İslahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin və araşdırmalarının aparılması sahəsində ixtisaslaşmış strukturların fəaliyyətinin qurulması nəzərdə tutulub.
Vergi siyasətinin strateji xətti hazırda iqtisadi artımın, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına, bu əsasda vergitutma bazasının genişlənməsinə və vergi yığımının yaxşılaşdırılmasına, habelə vergi mədəniyyətinin gücləndirilməsinə yönəlib.
Bu hədəflərin həyata keçirilməsi bütövlükdə, dövlət büdcəsinə əlavə daxilolmaların təmin olunmasına və onun maliyyə dayanıqlığının daha da artırılmasına, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə özəl sektorda investisiyaların mənbələrinin genişlənməsinə, iqtisadiyyatın şəffaflaşması vasitəsilə iqtisadi subyektlərin bank-maliyyə resurslarına və xidmətlərinə çıxış imkanlarının genişlənməsinə imkan verməlidir.
Bu hədəflərin hər birinin effektiv şəkildə reallaşmasına xidmət edən və iqtisadi inkişaf sahəsindəki strateji çağırşlara uyğun olan əsaslandırılmış vergi siyasəti istiqamətlərinin və qərarlarının formalaşması üçün vergi sistemi üzrə dərin iqtisadi tədqiqatlar və təhlillər aparılmalıdır. “Vergi siyasətində hər hansı qərarı qəbul edərkən bilməliyik ki, onun maliyyə tutumu nədir, məşğulluğa, iqtisadi artıma, vergitutma bazasının genişləndirilməsinə cari və perspektiv təsirləri təsiri necə ola bilər, və yaxud makroiqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması da vergi orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir ”.
Tədiyə növlərində və vergilərin sahəvi daxilolmalarındakı trendlərin vergi növlərinin iqtisadi bazasında və Ümumi Daxili Məhsulun sahələrində gedən proseslər ilə əlaqələndirilmiş şəkildə təhlil olunması, iqtisadi fəaliyyət sahələrində vergi yükünün və vergi yığımı potensialının dövrü diaqnostikası, vergi siyasətinin iqtisadi artıma dəstəkləyici tədbirlərinin effektivliyinin ölçülməsi vergi siyasətinin təkmilləşdirilməsində olduqca vacib amillərdir.
Təbii ki, bütün bu yüksək intellektual tutumlu işlərin görülməsi üçün müasir analitik yanaşmaların, metodikaların və modellərin tətbiqinə zərurət yaranıb. X.Abdullayevin sözlərinə görə, bu sahədə kompleks işlərin aparılması nəzərdə tutulur.
Müəssisələrin mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaq
İqtisadi təhlillərin aparılacağı digər bir istiqamət iqtisadiyyatın real sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə araşdırılması ilə bağlıdır.
Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza Departamentinin baş direktorunun müavini Elçin Ağakişiyev bildirir ki, vergi sistemində əvvəllər də risklərin təhlili və analitik araşdırmalar mövcud olub. Lakin, bu məlumatların daha dərin səviyyədə araşdırılması və əlaqələndirilməsi, müəssisənin mikroiqtisadi səviyyədə təhlil edilməsii zəruridir. Əsas hədəfimiz vergi sisteminin məlumat bazasını (bunlara dövriyyə göstəriciləri, vergi ödəmələri, anbar ehtiyatları, müəssisənin hansı ticarət markası altında işləməsi və s. aiddir) optimallaşdırmaqla vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinin mövcud vəziyyətini tam təhlil etmək imkanlarının əldə edilməsidir. Bu əsasda müəssisələr səviyyəsində mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaqdır. Bu təhlillər müəssisələrin vergi ödəmələri sahəsində vəziyyətini tam açıqlığı ilə ortaya qoyacaqdır.
E.Ağakişiyevin sözlərinə görə, dünya ölkələrinin praktikasında müasir mikroiqtisadi təhlil prosesində üçüncü tərəflərin məlumatlarından da istifadə edilir. Məsələn, müəssisənin dövriyyəsi ilə yanaşı, onunn istehlak etdiyi enerji və s. göstəricilərdən də istifadə edilə bilər. Belə təhlillər nəticəsində müəssisənin risk profili yaradılacaq, proqnozlaşdırma modelləri müəssisənin inkişafnın daha dəqiq xəritəsini yaradacaq.
Bununla yanaşı, Vergilər Nazirliyi vegi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılmasını nəzərdə tutur. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması təkcə vergi ödəmələri üçün deyil, ümumilikdə idarəedici qərarlar üçün də vacibdir. E.Ağakişiyevin sözlərinə görə, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əməkdaşlığı elə qurmaq niyyətindədir ki, sahibkarlar şəffaf fəaliyyət göstərməyin iqtisadi cəhətdən səmərəli, əlverişli və sərfəli olduğunu başa düşsünlər.
Bununla yanaşı, iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədlə üç mühüm istiqamət – aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaqdır.
E.Ağakişiyev bildirir ki, bu sahələrlə işin yenidən qurulması daha geniş təhlil bazasına əsaslanan yanaşmaların tətbiqi ilə əlaqədardır. Aksizli mallar sektoru olduqca böyükdür. Aksizlərin tətbiqi belə malların dövriyyəsini nəzarətdə saxlamaq üçün mühüm vasitədir. Eyni zamanda, bu sahədə təminat zənciri boyunca – istehsalçı və idxalçıdan başlamış topdansatış, distyubütor, pərakəndə satış həlqələrinə qədər malın hərəkətini izləmək, anbar ehtiyatlarını müəyyən etmək və əməliyyatları və ödəmələri nəzarətdə saxlamağa imkan verir.
Neft-qaz şirkətləri ölkə iqtisadiyyatında mühüm paya malikdirlər və onlarla aparılan işlərin daha geniş və dərin geniş təhlili zəruridir.
Nağdsız ödəmələrin inkişaf etdirilməsi üçün isə maliyyə-sənaye qrupları ilə işlərin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, banklar, prosesinq şirkətləri ilə əməkdaşlıq genişləndiriləcəkdir. Nağdsız ödəmələr sahəsində son istifadəçi kartdan istifadəyə həvəsləndirilməlidir. Bu həm dövriyyələrin artması baxımından banklar üçün, həm də leqallaşma baxımından dövlət üçün səmərəlidir. Vergilər Nazirliyi vergidən yayaınmaların azaldılması, nağdsız ödəmələrin tətbiqi əhatəsinin genişlənməsi üçün müvafiq addımlar atacaqdır.
Beləliklə, nazirliyin yeni funksional idarəetmə çərçivəsində vergi siyasətinin taktiki və strateji hədəflərinə effektiv şəkildə nail olunmasını təmin etmək əsas vəzifəmizdir.