Dövlət Vergi Xidməti (DVX) sahibkarları Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumatlandırıb, eləcə də onlarla bu sahədəki mövcud problemləri müzakirə edib.
Eləcə də bax: “Caspian Energy Club”un üzvləri Türkiyəyə - SƏFƏR EDİB - FOTOLAR
FED.az xəbər verir ki, noyabrın 2-də Dövlət Vergi Xidmətinin və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib.
120-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə DVX-nin rəhbər vəzifəli şəxsləri növbəti il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə sahibkarları məlumatlandırıblar. “Caspian Energy Club”un İdarə Heyətinin sədri Telman Əliyev forumun biznes qarşısında duran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib, klub üzvlərinin vergi qanunvericiliyi ilə bağlı müəyyən məsələlər üzrə DVX rəhbərliyindən şərhlər almaq istədiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki, vergi qanunvericiliyində son dövrlərdə edilmiş dəyişikliklər ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq tərtib edilib.
O bildirib ki, dəyişikliklərin mühüm hissəsi məhz sahibkarların ictimai birlikləri ilə keçirilən görüşlərdə, eyni zamanda yazılı müraciətlərdə bildirilən təkliflər nəzərə alınmaqla edilib.
S.Musayeva onu da qeyd edib ki, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəticəsində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir.
Bildirilib ki, hazırda ölkədə iqtisadi dövriyyənin 62 faizindən çoxu elektron qaimə-fakturalarla əhatə olunub. S.Musayeva “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na da toxunub və qarşıdakı dövrdə bu çərçivədə həyata keçiriləcək vergi siyasətinin əsas istiqamətləri barədə məlumat verib.
DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov növbəti il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı təqdimat edib. Qeyd olunub ki, dəyişikliklərin hazırlanması prosesində 2021-2022-ci illər ərzində sahibkarlarla 110-dan çox görüş keçirilib, bu görüşlərdə özəl sektordan 400-dən çox təklif alınıb.
Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər 5 istiqaməti əhatə edir. Xidmət nümaynədəsi bildirib ki, bu dəyişikliklər biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, vətəndaşların vergi yükünün aşağı salınması kimi məsələləri əhatə edir.
Forumda tədbir iştirakçılarının yeni dəyişikliklər əlaqədar, eləcə də Vergi Məcəlləsində əvvəlki illərdə edilmiş dəyişikliklər və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə bağlı sualları DVX nümayəndələri tərəfindən cavablandırılıb. Tədbir zamanı səsləndirilən bir sıra təkliflər qeydə alınıb və onların dəyərləndiriləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı özündə birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən regional təşkilatdır. Qurum 2002-ci ilin iyununda Xəzər-Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.