Vergilər Nazirliyində həyata keçirilən struktur islahatları çərçivəsində uçot-qeydiyyat sistemində yeniliklərin tətbiqinə başlanılıb. İslahatlar çərçivəsində sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı və uçotu işlərinin müasir tələblərə uyğunlaşdırılması, eyni zamanda uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərir. Bu sahədə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət funksiyası da departament tərəfindən həyata keçirilir.
Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov «Vergilər» qəzetinə müsahibəsində bu sahədəki yeniliklərdən danışıb:
- Dünyada uçot-qeydiyyat sistemində baş verən mütərəqqi yeniliklərin öyrənilməsi və ölkəmizin milli vergi sistemində tətbiq edilməsi əsas prioritetlərdəndir. Uçot-qeydiyyat məlumat bazasının aktuallığının təmin olunması istiqamətində vergi ödəyicilərinin də üzərinə müəyyən vəzifələr düşğr. Vergi orqanına təqdim etdikləri ərizə məlumatlarında hər hansı dəyişiklik olarsa, bu barədə vergi ödəyiciləri qeydiyyatda olduqları vergi orqanına məlumat verməlidirlər. Xüsusilə aidiyyəti məlumatların departamentdaxili dövriyyəsi vergi nəzarətinin təkmilləşdirilməsinə şərait yaradır. Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin funksional tabeliyindəki strukturlar tərəfindən həm sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və uçotu prosesi təşkil olunur, həm də uçot-baza məlumatlarının təhlili aparılır.
- Uçot-qeydiyyat sistemindəki dəyişikliklər sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə məlumat bazalarının dürüstləşdirilməsinə necə təsir göstərir?
- Bu gün ən mühüm məsələlərdən biri sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə uçot-baza məlumatlarının dürüstləşdirilməsi ilə bağlıdır. Hər şey vergi ödəyicilərinin düzgün uçot məlumatlarından başlayır. Təsadüfi deyil ki, bir sıra hallarda vergi ödəyicilərinin uçot-baza məlumatları ilə faktiki uçot məlumatları arasında olan kənarlaşmalar vergidən yayınma risklərinin müəyyən edilməsində və vergi nəzarəti tədbirlərinin düzgün seçilməsində öz mənfi təsirini göstərir. Əsas məqsəd uçot-məlumat bazasında şəffaflığın təmin edilməsi, vergi inzibatçılığında əlverişli mühitin formalaşdırılmasına yönəldilməsidir. Hazırda departamentin fəaliyyətinin əsas istiqamətlərindən biri uçot-qeydiyyat sisteminə təhlil əsaslı nəzarətin həyata keçirilməsidir. Vergi ödəyicilərinin, təsərrüfat subyektlərinin (obyektlərinin), NKA-ların, bank hesablarının və POS-terminalların uçota alınması, vergitutma bazasının genişləndirilməsi, uçot bazasının təkmilləşdirilməsi və baza məlumatları ilə vergi ödəyicilərinin faktiki vəziyyəti arasında olan kənarlaşmalar aşkar edildikdə müvafiq tədbirlərin görülməsi, baza məlumatlarının aktuallığının təmin edilməsi istiqamətində Vergi Məcəlləsinin 32-ci maddəsinə uyğun olaraq vergi nəzarəti aparılır. Uçot-qeydiyyat məlumat bazalarında olan uyğunsuzluqların (risklərin) müəyyən edilməsi iki formada: müəyyən edilmiş risk meyarlarına uyğun fərdi qaydada təhlillər aparılmaqla və Vergilər Nazirliyi tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə elektron qaydada avtomatik olaraq müəyyən edilməklə həyata keçirilir.
Artıq bir sıra istiqamətlərdə təhlillər aparılıb, uçotdan yayınan şəxslər müəyyənləşdirilib və qanunvericiliyə müvafiq işlərin görülməsi üçün vergi orqanlarına təqdim edilib. Təhlillər nəticəsində müəyyən olunub ki, 2016-2018-ci illərdə lisenziya əldə etmiş bir sıra təsərrüfat subyektləri vergi orqanlarında uçotdan yayınıb. Uçotda olan təsərrüfat obyektlərini icarəyə verən bəzi vergi ödəyicilərinin də uçot məlumatlarında uyğunsuzluqlar aşkarlanıb. Dövriyyənin düzgün göstərilməməsi, vergidən yayınma və ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata dair ərizə vermək öhdəliyinin yaranmaması naminə bir neçə kommersiya hüquqi şəxs təsis edilməsi faktları da aşkarlanıb. Belə faktlar üzrə aparılan təhlillərin nəticələri müvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyinin aidiyyəti strukturlarına təqdim olunub.
- Sahibkarlıq subyektlərinin uçotu və qeydiyyatı sistemində hansı prosedurların təkmilləşdirilməsini daha zəruri hesab edirsiniz?
- Təhlillər göstərir ki, eyni fiziki şəxslər dəfələrlə vergi orqanlarına müraciət edərək fəaliyyətlərinin dayandırılması müddətlərini (proqram təminatında maksimum 5 il müddət müəyyən olunub) uzadaraq özlərini passiv saxlayırlar. Bu isə ərazilər üzrə vergi ödəyicilərinin faktiki sayının müəyyən olunmasında, təhlillərin aparılmasında çətinliklər yaradır. Problemin aradan qaldırılmasına nail olmaq məqsədilə beynəlxalq təcrübə öyrənilərək fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır. Bundan başqa, NKA-nın vergi orqanlarında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması prosedurlarının təkmilləşdirilməsi sahəsində də işlər aparılır.
Son zamanlar bir şəxsin bir neçə hüquqi şəxsin təsisçisi və rəhbəri olaraq qeydiyyatdan keçməsi hallarına rast gəlinir ki, bu da bəzi fırıldaqçılara vergidən yayınmaq üçün «münbit» şərait yaradır. Belələri insanları iş yeri, əməkhaqqı və gəlir mənbəyi ilə şirnikləndirməklə onların elektron imzasından istifadə edərək yeni hüquqi şəxslər yaradır və fırıldaqçı əməllərinin əhatə dairəsini genişləndirir. Vəziyyətdən çıxış kimi, bu sahədə qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində işlər görülür.
- Vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar var. Böyük həcmli dövriyyələrə malik satış obyektlərində və inşaat materialları bazarında belə hallara daha çox rast gəlinir. Bununla bağlı hansı tədbirlər görülür?
- Son dövrlər vergi sistemində həyata keçirilən islahatlar vergilərin yığılmasından könüllü ödəməyə keçidin sürətləndirilməsini, vergi yoxlamalarının səmərəliliyinin artırılmasını, sahibkarlar tərəfindən aparılan əməliyyatların tam həcmdə və düzgün bəyan olunması yolu ilə şəffaflığın təmin edilməsini, düzgün uçot sisteminin formalaşdırılmasını tələb edir. Bu istiqamətdə müəyyən müsbət nəticələr əldə olunsa da, hələ də bəzi şəxslər vergi orqanlarında uçota durmadan, vergi ödəmədən fəaliyyət göstərirlər. Bu isə ciddi qanun pozuntusu olmaqla yanaşı, ədalətli rəqabət mühitinin pozulmasına, dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına səbəb olur. Aparılan təhlillər göstərir ki, belə hallara böyük həcmli dövriyyələrə malik satış yerlərində, inşaat materialları bazarlarında daha çox rast gəlinir. Bununla əlaqədar vergilər nazirinin müvafiq əmri ilə «İnşaat materialları bazarlarında vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma və vergidən yayınma hallarının qarşısının alınması ilə bağlı Tədbirlər Planı», «İnşaat materialları bazarlarında vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma və vergidən yayınma hallarının qarşısının alınması üzrə işlərin təşkilini əks etdirən Proseslər Xəritəsi» təsdiq edilib. Qeyd olunan sənədlərə uyğun olaraq müvafiq işlər həyata keçirilir.
- Elektron qeydiyyat sistemində hansı dəyişiklik planlaşdırılır? Bu cür qeydiyyatın sadələşdirilməsini zəruri hesab edirsinizmi?
- Vergilər Nazirliyi əhaliyə göstərdiyi elektron xidmətlərin sayına görə mərkəzi icra hakimiyyəti orqanları arasında öndədir. Nazirlik tərəfindən elektronlaşdırılması mümkün olan 69 xidmət növü müəyyənləşdirilərək «Elektron xidmətlərin siyahısı»na daxil edilib. Bu xidmətlərdən 26-sı məhz Dövlət qeydiyyatı və uçota nəzarət departamenti tərəfindən göstərilən xidmətlərdir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı 2012-ci ilin fevralından tətbiq edilir. Həmin tarixdən indiyədək 27 mindən çox hüquqi şəxsin və ya ümumi qeydiyyata alınmış hüquqi şəxslərin 52,3 faizinin qeydiyyatı bu üsulla aparılıb. 2017-ci ilin yekunlarına görə isə hüquqi şəxslərin 69,4 faizi elektron qeydiyyatdan keçib.
- Əcnəbi iş adamlarının (qeyri-rezidentlərin) elektron qeydiyyatı sahəsində hansısa yeniliklər nəzərdə tutulurmu?
- Qanunvericiliyə edilmiş dəyişikliklərə görə, yaxın gələcəkdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin də elektron qeydiyyat sistemi tətbiq olunacaq. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imzası ilə təsdiq etməklə qeydiyyat orqanına müraciət etməsi nəzərdə tutulur. Müraciət zamanı təsisçi fəaliyyət sahəsi barədə məlumatı bəyan etməli, özünün daxil etdiyi məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olmalı və onu gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Həmçinin xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək. Artıq bu istiqamətdə işlər yekun mərhələyə qədəm qoyub.
- Vergilər Nazirliyi ilə digər dövlət qurumları arasında informasiya mübadiləsi necə aparılır?
- Dövlət qeydiyyatı və uçota nəzarət departamenti tərəfindən Vergilər Nazirliyinin digər qurumlarla məlumat bazalarının inteqrasiyası istiqamətində işlər davam etdirilir. Bununla bağlı mütəmadi olaraq aidiyyəti qurumların nümayəndələri ilə görüşlər keçirilir, müzakirələr aparılır, layihələr hazırlanır və müvafiq razılaşma müqavilələri bağlanılır. Hazırda Vergilər Nazirliyi ilə 25 dövlət qurumu arasında belə müqavilələr var. Bu, nazirliyin mövcud informasiya bazasının, o cümlədən uçot-qeydiyyat bazasının daha da genişləndirilməsi və vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edir. Digər qurumlarda olan məlumatların inteqrasiyası vergi orqanlarının işinin effektivliyinin artırılmasına, nəzarət tədbirlərinin daha keyfiyyətli, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsinə zəmin yaradır. Bütün bunlar vergi ödəyicilərinin uçot məlumat bazasının aktuallığının təmin edilməsinə bilavasitə müsbət təsir göstərir. Belə ki, aidiyyəti qurumlardan alınmış məlumatlara əsasən vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma hallarının qarşısının alınması, uçot vahidlərinin (NKA və s.) tətbiq edilməsi və digər vergitutma obyektlərinin uçotu, habelə vergi qanunvericiliyinə riayət etmədən fəaliyyət göstərənlər barədə üçüncü şəxslərdən məlumat alınmış olur.
"Vergi sistemində nəzarəti gücləndiririk" - MÜSAHİBƏ
12:44
26 Sen 2018