“Vəfa Collection” şirkətinin prezidenti, “İş Qadınlarına Dəstək” İctimai Birliyinin sədri, ilk Azərbaycan brendi - “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikinin qurucusu Vəfa Muradzadənin müsahibəsi
DOSYE: 1968-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini və Hüquq fakültəsini qırmızı diplomla bitirib.
1998-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllim, 2006-ci ilə kimi xarici şirkətdə tərcüməçi, vəkil kimi fəaliyyət göstərib. 2006-cı ildə ilk Azərbaycan brendi - “Made in Azerbaijan” markası ilə ev tekstili fabriki - “Vəfa Collection”i təsis edib. Şirkət Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərir. İstehsal fabriki və 26 firma mağazası fəaliyyət göstərib. Hazırda “İnvilla” brendi ilə yeni mağazası istifadəyə verilib.
Prezident İlham Əliyev həmyerlimizin sərgilərində iştirak edib. Vəfa Muradzadə 14 ildir ki, bütün işgüzar sərgilərdə və səfərlərdə iştirak edir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı Vəfa Muradzadə Rusiyanın böyük bir Holdinqi ilə memorandum imzalayıb. Daha sonra Qətər dövlətində sərgisi keçirilib.
2018-ci ildə öncə Azərbaycan-Türkiyə İş Qadınları Birliyi, daha sonra dünya iş qadınlarının qatıldığı “İş Qadınlarına Dəstək” İctimai Birliyini yaradıb. Bu birliyin həm qurucu-təsisçisi, həm də sədridir. ATİB-in, ASK-nın üzvüdür. 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Fransanın Kann festivalında “Biznes Qələbəsi” kubokuna layiq görülüb.
Vəfa xanım, ənənəvi sualdan başlayaq. Necə oldu ki, “Vəfa Collection”i yaratdınız?
Əvvəla ondan başlayım ki, hələ uşaq yaşlarımdan tikiş sənətinə xüsusi həvəsim olub. Məktəb dövrlərində özüm üçün paltarlar tikir və bu sahənin incəlikləri ilə maraqlanırdım. Sonradan bu həvəs daha da artdı və mən artıq xüsusi geyimlər tikməyə başladım. Həm də bu geyimlərə dizayn verir, tərtibatlar qurur, həm də özüm tikirdim. Tale elə gətirdi ki, mən əvvəlcə riyaziyyatçı, sonra isə hüquqşünas oldum. 2004-cü ildə təsadüfən öz evim üçün yataq dəsti alarkən qarşılaşdığım mənzərə bütün həyatımı dəyişdi. Gördüm ki, kataloqlar var, lakin məhsul yoxdur. O zaman özüm-özümə sual verdim ki, niyə bizdə bütün çeşidlər olmasın. Düz iki il, 2006-cı ilə qədər bu sahə ilə dərindən maraqlandım, xarici səfərlərə getdim və o qənaətə gəldim ki, bunun əsas səbəbi yerli istehsalın olmamasıdır. Və qəti qərar verdim: Nəyin bahasına olursa-olsun tekstil fabriki qurmalıyam. Bəlkə də indi çoxlarına asan gələr, lakin o dövr üçün bu çox çətin və məsuliyyətli bir qərar idi. Bunu əngəlləyəcək çoxlu obyektiv və subyektiv səbəblər var idi.
Və siz “Vəfa Collection”i yaratdınız...
Bəli, mən ilk Azərbaycan brendi - “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikini təsis etdim. Bu fabrikin ərsəyə gəlməsi əvvəlindən sonuna qədər 29 gün müddəti əhatə etdi. Bu müddətdə yer icarə etdim, dərzi axtarışı elanı verdim, müraciət edən dərziləri sınaqdan keçirmək üçün peşəkar dərzi cəlb etdim, avadanlıqlar, parçalar aldım və beləcə işə başladım. Və sizə bir sirr açım ki, mən bu işi açarkən öz şəxsi mənzilimi bankda kredit qoymuşdum. Bir müddət sonra anladım ki, korporativ müştəriləri cəlb etmədən bu işi davam etdirmək çətin olacaq və artıq otellərlə danışıqlar aparmağa başladım. Münasib qiymətə onlara keyfiyyətli məhsullar təklif etdim və bu bazarda önəmli pay sahiblərindən oldum. Ardınca işçi geyimləri və məktəbli formaları istehsal etməyə başladım. Təsəvvür edin o zamanlar il ərzində 700 min məktəbli forması istehsal edirdik. Günümüz işdə və xarici səfərlərdə keçirdi. Təsadüfi deyil ki, vahid məktəbli geyimlərinin qəbulu ilə bağlı qərarın qəbul olunmasında bizim o zamankı fəaliyyətimizin xüsusi rolu olub. Biz daim öz üzərimizdə işləyir və əsas təcrübəni xaricdən əldə edirdik. Cəmaləddin Sarar və digər ünlü tekstilçilərdən çox şeylər öyrəndik. Vaxtaşırı sərgilərə qatılırdıq. Bir müddət sonra Ticarət Palatası məni çağırdı və bildirdi ki, sentyabr ayında yerli istehsalar sərgisi olacaq və sizin də orada iştirakınızı arzu edirik. Bu sərgidə yeganə tekstil fabriki olaraq biz təmsil olunduq.
Deyəsən Prezident özü sizin sərgini ziyarət etmişdi?
Cənab Prezident İlham Əliyev bizim sərgiyə təşrif buyurdu və istehsal etdiyimiz məhsullara xüsusi maraq göstərdi. Bizim məhsullarımız o qədər xoşuna gəldi ki, əli ilə toxunur, xüsusi razılıq ifadə edirdi. Cənab Prezident də açıq şəkildə bildirdi ki, əgər bu gün Azərbaycanda iqtisadiyyatın bu sahəsində inkişaf varsa, demək yerli istehsal inkişaf edir. Bundan sonra mən bütün rəsmi səfərlərdə və sərgilərdə iştirak etməyə başladım. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı Rusiyanın böyük bir holdinqi ilə memorandum imzaladıq. Daha sonra Qətərdə sərgimiz keçirildi və bu sərgi nəinki Qətər dövlətinin, bütün ərəb dünyasının marağına səbəb oldu. Çox sevinirəm ki, “Made in Azerbaijan” brendinin təşviqinə öz tövhəmizi verdik, Azərbaycanımızı tanıtmaq üçün çıxdığımız yolda böyük uğurlar qazandıq. Biz o zaman fəaliyyətə başlayanda çox sayda çətinliklərimiz var idi. Qərara gəldik ki, qadın sahibkarlığını stimullaşdırmaq üçün yeni bir qurumu - “İş Qadınlarına Dəstək” İctimai Birliyini ərsəyə gətirək. Bu qurumda Azərbaycandan olan sahibkar xanımlarla yanaşı əcnəbi xanımlar da təmsil olunur. Əsas məqsədimiz qadın sahibkarlar arasında qarşılıqlı və faydalı əməkdaşlığa nail olmaq, onların fəaliyyətinə beynəlxalq diqqət çəmək və ölkədə həyata keçirilən iqtisadi islahatlara dəstək verməkdir. Məşhur Amerika yazarı Sidne Şeldonun əsərləri həmişə mənim üçün yol xəritəsi olub. Bilrisiniz ki, o qadınları ictimai həyata cəlb etmək və stimullaşdırmaq üçün çoxlu maraqlı əsərlər yaradıb. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, çox dinamik insanam və həyatın bütün sınaqlarından üzüağ çıxmağı bacarıram. Məhz bu keyfiyyətlər mənim istər ictimai işlərdə, istərsə də biznesdə uğur qazanmağıma yardımçı oldu.
“İnvilla” adında yeni mağazanız fəaliyyətə başlayıb...
İnvilla sözünün hərfi mənası villanın içi deməkdir. Bəzən olur ki, insanlar öz rahatlığını təmin etmək üçün xaricə üz tutur, böyük vaxt və maddi itkilərə məruz qalırlar. Qərara gəldik ki, istehlakçıların bu sahədə olan çətinliklərini aradan qaldıraq və “İnvilla”nı məhz bu məqsədlə istifadəyə verdik. Bu dükanda çay dəsmalından tutmuş yataq dəstinə, lyusturdan tutmuş dekor qablarına, rəsm əsərlərindən tutmuş xalçaya qədər – bir sözlə evin içinə aid hər şey satılır. Biz Avropa protokollarına əsasən məhsullar istehsal edirik və hər il keyfiyyətli məhsullara görə, beynəlxalq mükafatlara layiq görülürük. Bu il İtaliya, Kanada dövləti də bizim fəaliyyətimizi qiymətləndirəcək. Eksklüziv və xüsusi zövqlə hazırlanmış, ən adi məqamına qədər bütün incəliklər nəzərə alınaraq məhsulları istehsal edirik. Misal üçün bizim yataq dəstləri təmiz pambıq və sətin parçalardan hazırlanır. Sətin parçalardan hazırlanan yataq dəstəklərimiz görünüşünə görə 5 D formatlıdır. Pərdələr hər müştərinin istəklərinə və evin dizaynına uyğun olaraq xüsusi parçalar və aksesuarlarla hazırlanır. İstehsal zamanı sırf Avropa istehsalı olan xammallardan istifadə olunur və xaricdə təlim keçmiş mütəxəssislər tərəfindən ərsəyə gətirilir. Biz müştərilərin bütün ehtiyaclarını nəzərə alırıq. Hamamda sürüşməmək üçün rezinlərə qədər hamısı satışda var. Biz müştərilərin bütün ehtiyacını nəzərə almışıq və bir günə evə lazım olan və ya cehizlik bütün məhsulları “İnvilla”dan əldə etmək mümkündür.
Nəyə görə, Azərbaycanda tekstil fabrikləri azdır?
Bəzilərində bu qənaət var ki, məndə sahibkarlıq fəaliyyətinə başlayım və dərhal sex açım. Amma unudurlar ki, istehsal müəssisəsi yaratmaq üçün gedilən yol var və bu yolu getmədən uğur qazanmaq olmaz. Bu yol nədir? Bu yolda xarici təcrübə var, bazar araşdırması var, öz fəaliyyətini buna uyğunlaşdırmaq var, zövq var, keyfiyyət var, saysız-hesabsız nümunələr var. 14 ildir bu yolu gedirəm, lakin hələ də hesab edirəm ki, öyrənəcəyim çox şeylər var. Açıq deyirəm, təkcə sərmayə biznes üçün yetərli deyil. Komandaçılıq ruhu, kadr potensialı, özünə inam, ardıcıl səy olmadan bunlara nail olmaq mümkün deyil.