Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc Bakı şəhərində işgüzar səfərdə olan Rusiya Qiymətləndiricilər Cəmiyyətinin vitse-prezidenti, Beynəlxalq Qiymətləndirmə Mərkəzinin direktoru İqor Artemenkovla görüşüb.
FED.az xəbər verir ki, görüşdə iki ölkənin qiymətləndirmə institutları arasında əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və şirkətlər arasında əməkdaşlıq müqaviləsinin bağlanması məsələləri müzakirə edilib.
Tərəflər razılığa gəliblər ki, “VECON” qiymətləndirmə şirkəti ilə Beynəlxalq Qiymətləndirmə Mərkəzi arasında yaxın müddət ərzində əməkdaşlıq müqaviləsi imzalansın.
Müqavilənin əsas predmetlərindən biri də odur ki, tərəflər təmsil etdikləri ölkələrdə həm də öz tərəfdaşının bilavasitə təmsilçiliyini həyata keçirəcək, birlikdə qiymətləndirmə işlərində iştirak edəcəklər. Görüşdə Rusiya Federasiyası İntellektual Əmlak və Biznes Qiymətləndirilməsi İnstitutunun proffessoru, Avropa Regional Qiymətləndirmə Komitəsinin direktor müavini Həmid Mamacanov və “VECON” qiymətləndirmə şirkətinin direktor müavini, daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis Xaqani Eminov da iştirak edib.
Xatırladaq ki, Beynəlxalq Qiymətləndirmə Mərkəzi 1995-ci ildə təsis olunub. Rusiya Federasiyası qiymətləndirmə bazarında yarandığı dövrdən lider mövqeyə malik olan və bu mövqeyi qoruyan təsisatın mütəxəssisləri dünyada brend olan FRICS, CCIM, FIABCI, REV, HRSA kimi beynəlxalq professional kvalifikasiyaya malikdir.