ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda özəl sektora dəstək üzrə yeni "Private Sector Activity" (PSA) layihəsinin icrasına başlayır.
FED.az xəbər verir ki, təşkilatın Mətbuat xidmətindən verilən məlumata görə, 15 milyon dollar dəyərində olan layihənin icrasına bu payız start veriləcək. Onun müddəti 5 il olacaq.
PSA rəqabət qabiliyyətini artırmaq, biznesə dəstək xidmətlərini gücləndirmək və mikro, kiçik və orta sahibkarlığın inkişafı yolundakı maneələri azaltmaq üçün ölkə iqtisadiyyatının qeyri-neft sektoruna dəstək verilməsini hədəfləyir.
Layihə çərçivəsində 30 min fermerin kənd təsərrüfatı və biznesin yeni üsullarından istifadə etməsi, kənd təsərrüfatı məhsullarının Avropa, Yaxın Şərq və Asiya bazarlarına ixracının artırılması və bununla da onların satışlarının artmasına kömək göstərilməsi nəzərdə tutulur. Bundan əlavə, PSA özəl sektorun nümayəndələrinə biznes kreditləri ayrılmasına imkan verəcək.
Həmçinin Azərbaycan və ABŞ arasında işgüzar əlaqələrin qurulmasına kömək etmək, habelə istehsal, emal və idarəetmənin müasir texnologiyalarının tətbiqini stimullaşdırmaq üçün treninqlər, fərdi biznes məsləhətləşmələri, beynəlxalq səfərlər və forumlar da təşkil olunacaq.
PSA Azərbaycan hökuməti və özəl sektorla birlikdə onların modernləşmə sahəsindəki prioritetlərini həyata keçirməyə və dövlət və özəl sektorda dəstək və xidmət təminatını yaxşılaşdırmağa kömək edəcək.
Report