«Paşa Holdinq»in strukturuna daxil olan «Competo» MMC-nin rəhbərliyində dəyişiklik baş verib.
FED.az xəbər verir ki, «Competo» MMC-nin baş direktoru İqor Bıçek 2024-cü il iyulun 1-dən etibarən tutduğu vəzifədən getmək qərarına gəlib.
Onu bu vəzifədə 2024-cü il iyulun 1-dən Rauf Qulaməliyev əvəz edəcək. Rauf Qulaməliyev PAŞA Ekosisteminin baş direktoru Fərid Məmmədova tabe olan “Competo” MMC-nin baş direktoru vəzifəsini icra edəcək.
Xatırladaq ki, İqor Bıçek MTBank-dakı karyerasından sonra 2018-ci ildən «PAŞA Holdinq» MMC-də çalışır və «Competo» komandasına yarandığı gündən rəhbərlik edirdi. Onun yenə də Paşa Holdinqdə yeni vəzifədə çalışacağı məlumdur, amma yeni vəzifəsi açıqlanmayıb.
«Competo»nun yeni rəhbəri Rauf Qulaməliyev də zəngin təcrübəyə malikdir. O korporativ maliyyə üzrə Magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildən «PAŞA Holdinq» MMC-də çalışır və hazırda Ekosistemin İnkişafı şöbəsinin rəhbəridir.
Bununla bağlı açıqlamada bildirilir ki, Rauf Qulaməliyev «Umico Bonus», «Umico market» və «m10» kimi məhsulların satışa çıxarılmasında iştirak edib və mühüm rol oynayıb. Eyni zamanda o, «Uklon», «Trendyol» və «Bakikart» ilə uğurlu tərəfdaşlıqda da mühüm rol oynayıb.