Azərbaycanlı və ukraynalılar ilk dəfə birgə Assosiasiya yaradıblar.
FED.az xəbər verir ki, dövlət qurumları və sahibkarlar arasında əlaqənin yaradılması üçün vahid platforma rolunu oynayacaq yeni Ukrayna-Azərbaycan Biznes Assosiasiyası “Терези” adlanır.
Qeyri-kommersiya və qeyri-hökumət təşkilatı olan “Терези” hüquq şirkətlərinin ümumi maraqlarının təmsil edilməsi və qorunması, Ukrayna və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına dəstəyin göstərilməsi, daxili iştirakçılar arasında qarşılıqlı əlaqənin yaradılması üçün tələb edilən şəraitin yaradılması məqsədilə yaradılıb.
Assosiasiyanın fəaliyyəti Ukrayna və Azərbaycan arasında ixrac-idxal əlaqələrinin qurulması, hər iki ölkənin bazarlarına çıxışın əldə edilməsində dəstək, o cümlədən investisiya fəaliyyətinin dəstəklənməsinə yönəldilib. Ukrayna-Azərbaycan Biznes Assosiasiyası dövlət qurumları ilə münasibətlərdə Assosiasiya üzvlərinin maraqlarının təmsil edilməsi və qorunması, Assosiasiya üzvlərinə məlumat xarakterli, hüquqi, təşkilati və digər dəstəyin göstərilməsi, üzvlərin iqtisadi fəaliyyət sahələrinə aid normativ hüquqi aktların işlənib hazırlanması prosesində iştirakı və birgə layihələrin həyata keçirilməsi üçün hərəkətlərin əlaqələndirilməsi üzrə öhdəlikləri də öz üzərinə götürür.
Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Assosiasiyanın təsisçiləri iki hüquq şirkətidir. Seçkilər nəticəsində Cəlal Hüseynov Assosiasiyanın prezidenti seçilib. (Report)