FED.az "The New York Times"-a istinadən xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, bundan sonra dünyanın ən tanınmış nəqliyyat şirkətinə iranlı Dara Xosrovşahi rəhbərlik edəcək. Onunla yanaşı, General Electric şirkətinin keçmiş rəhbəri Ceffri İmmelt və HP-nin baş direktoru Marqaret Uitmen də Uber-in direktorlar şurasının sədri vəzifəsinə namizəd göstərilirdi.
Qeyd edək ki, Uber-in qurucusu və keçmiş rəhbəri Trevis Kalanik bir sıra qalmaqallardan sonra iyunun 20-də şirkətin direktorlar şurası tərəfindən vəzifəsindən kənarlaşdırılıb. Səhmdarlar Kalaniki şirkəti hüqqi risklərlə qarşı-qarşıya qoymaqda, düzgün olmayan idarəçilik üsullarından istifadə etməkdə və nəticədə şirkətin imicinə zərbə vurmaqda ittiham ediblər.
Xatırladaq ki, bir müddət öncə Waymo şirkəti Uber-i məhkəməyə vermişdi. Şirkət öz keçmiş əməkdaşı, sonradan Uber-ə keçərək Otto layihəsinə rəhbərlik edən Entoni Levandovskini yeni avtopilot sisteminə aid 14 min gizli sənədi oğurlamaqda ittiham edirdi. Məhkəmə Uber-in bu sənədləri qaytarması və E.Levandovskini vəzifəsindən kənarlaşdırması barədə qərar qəbul etmişdi.
Həmçinin ABŞ Ədliyyə Nazirliyi Uber-in təqdim etdiyi Greyball proqram təminatı ilə bağlı cinayət işi açmışdı. Məmurlar, polis və digər dövlət qulluqçılarından sifarışlər qəbul edən proqram istifadəçilərin icazəsi olmadan onlar haqqında məlumatlar toplamaqda ittiham olunurdu.
Dara Xosrovşahiyə gəlincə o, islam inqilabından sonra ABŞ-a köçmüş mühacir ailəsindəndir. 1969-cu ildə Tehranda anadan olmuş cənab Xosrovşahi Braun Universitetində elektrik mühəndisliyi ixtisasına yiyələnib. O, 2005-ci ildən etibarən hazırda kapital dəyəri 23 milyar dollar olan Expedia online turizm şirkətinə rəhbərlik edib. Məlumat üçün bildirək ki, Uber-in bazar dəyəri daha yüksək - 70 milyard dollar səviyyəsində qiymətləndirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır