İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Türkiyənin aparıcı fintex şirkəti “Colendi”nin nümayəndələrinin ölkəmizə səfəri baş tutub.
FED.az xəbər verir ki, səfər çərçivəsində nümayəndələr Veysəloğlu Şirkətlər Qrupunda olub. “Colendi”in biznesin inkişafı üzrə rəhbəri Ceyson Launun iştirakı ilə nümayəndələr Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları direktoru Ülvi Babaşov ilə görüşüb.
Görüşdə “Colendi”nin istifadəçi təcrübəsinə əsaslanan müasir maliyyə texnologiyalarının Azərbaycanın pərakəndə sektorunda tətbiqi imkanları geniş müzakirə edilib.
“Müasir maliyyə ekosistemində müştərilərin istifadə asanlığına, sürətə və fərdi məhsul təkliflərinə daha çox üstünlük verilir. İnnovasiyaların inkişafı pərakəndə sektorunda xidmətlərin rəqəmsallaşdırılmasına imkan yaradır. Veysəloğlu Şirkətlər Qrupu məhsul və xidmətlərini rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bu baxımdan hesab edirik ki, maliyyə texnologiyalarının pərakəndə sektorunda uğurlu istifadəsində birlikdə addım ata bilərik”, -deyə Ülvi Babaşov bildirib.
Qeyd edək ki, “Colendi” ənənəvi bank xidmətlərini təkmilləşdirmək üçün müasir maliyyə texnologiyalarının inteqrasiyasını özündə birləşdirən fintex həllər təklif edir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.