Azərbaycandan keçməklə Avropa və Asiyanı birləşdirən dəmir yolu üzrə daha bir mühüm göstərici qeydə alınıb.
FED.az xəbər verir ki, Türkiyədən Çinə göndərilən növbəti qatar dekabrın 26-da Bakı Beynəlxcalq Dəniz Ticarət limanına çatıb. Bakı Limanında yükün boşaldılaraq «BeketAta» fider gəmisinə yüklənməsi gecikmədən, operativ şəkidə həyata keçirilib və cəmi 6 saat vaxt aparıb. Yük karavanı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir və 1400 ədəd soyuducu daşıyır.
Ümumilikdə 8693 kilometr yol qət edəcək yük qatarı İstanbuldan yola düşüb və son təyinatı nöqtəsi Çinin Sian şəhəridir.
Qatar Türkiyə daxilində İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars xətti ilə hərəkət edərək, Axalkalaki stansiyasında Azərbaycana gələn dəmiryol xəttinə qoşulub.
Qeyd olunan qatar Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə hərəkət edərək Xəzər dənizi üzərindən Qazaxıstana, oradan isə Çinin Sian şəhərinə yollanacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə, Türkiyə Dövlət Dəmir Yollarının dəstəyi ilə İstanbuldan Siana yola salınan ikinci ixrac qatarının da operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.
Bu qatar da ilk qatar kimi Bakı Limanından Aktau limanına operatoru “ADY Konteyner” şirkəti olan, “Kazmortransflot”a məxsus “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılacaq.
«Layihəni “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Türkiyə Dəmir Yollları, Gürcüstan Dəmir Yolları, Qazaxıstan Dəmir Yollarının “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində uğurlu əməkdaşlığının nəticəsi hesab etmək olar»-deyə Dövlət Dəmiryollarından verilən açıqlamada bildirilir.
Xatırladaq ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan birinci konteyner qatarı Bakı Limanına 10 dekabr tarixində çatmışıdı, yüklər 6-7 saat ərzində “Beket Ata” fider gəmisinə yükləndikdən sonra Qazaxıstanın Aktau limanına yola düşmüşdü.
Ümumilikdə bu il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzər dənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 12 672 TEU konteyner daşınıb, 2021-ci ildən başlayaraq isə qatarlar bu istiqamət üzrə ayda iki dəfə olmaqla müntəzəm olaraq hərəkət edəcəklər.