Mayın 14-də Bakıda Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) 5-ci dönəm Seçkili Ümumi Yığıncağı keçirilib.
FED.az xəbər verir ki, ümumi yığıncaqda Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət rəsmiləri – Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşan, Azərbaycanın İqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev, Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Türkiyə və Azərbaycanın Əmək və Sosial müdafiə nazirlərinin müavinləri Ertuğrul Soysal və Anar Əliyev, Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədov, Azərbaycandakı Türkiyə səfirliyinin nümaynədələri, millət vəkilləri, sahibkarlıq təşkilatlarının – ASK, ATİB, MÜSİAD rəhbərləri, iş adamları, idarəçilər və ictimaiyyətin nümayəndələri iştirak edib.
Toplantıda Ümummilli lider Heydər Əliyev, Ulu Öndər Mustafa Kamal Atatürk və şəhidlərin xatirəsi yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Açılış nitqi ilə çıxış edən TÜİB sədri Hüseyin Büyükfırat TÜİB-in fəaliyyəti barədə geniş məlumat verib. Onun sözlərinə görə, sıralarında Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, şirkətləri və idarəçilərini birləşdirən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) - 2016-cı ildən fəaliyyətə başlayıb.
Bildirilib ki, Azərbaycanın biznes cəmiyyətinin aktiv üzvünə çevrilmiş TÜİB-in üzvləri tikinti, istehsal, infrastruktur, qida sənayesi, ticarət sənaye, xidmətlər, turizm, ictimai iaşə, məsləhət xidmətləri, tibb, əczaçılıq və sair sahələrdə fəaliyyət göstərərək ölkə iqtisadiyyatına və Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verirlər.
TÜİB Türkiyə və Azərbaycan arasında biznes və iqtisadi əlaqələrin genişlənməsi, eləcə də Azərbaycana dəstəklə bağlı çoxsaylı ciddi layihələr reallaşdırmaqdadır.
Sosial məsuliyyət tədbirlərinə toxunan H.Büyükfırat bildirib ki, Ali Baş komandan Prezident İlham Əliyevin rəhbərliyi, qardaş Türkiyənin dəstəyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın azad edilməsindən sonra TÜİB və tərəfdaşlarının «Tək millət, tək ürək» layihəsi çərçivəsində qazı və şəhid ailəsi üzvləri olan tələbələr Türkiyə universitetlərində pulsuz təhsil alır, «Qardaş ailə» layihəsi üzrə isə TÜİB üzvləri şəhid ailələrini ziyarət edib onları dəstəkləyir.
Toplantıda çıxış edən Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşan öz çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən təhlükəsizlik, sosial sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Göksel Aşanın sözlərinə görə, hazırda qarşıda duran əsas məsələlər iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi, iki ölkə iqtisadiyyatlarının inteqrasiya edilməsi, Azərbaycan və Türkiyənin 3-cü ölkələrə mal və xidmətlərin təqdim edilməsinə başlanmasıdır.
İqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu və daha da inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə Azərbaycnın ən çox xarici sərmayə yatırdığı ölkədir və bu sahədə 1-ci yeri tutur. Hazırda Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin məbləği 20 milyard dolları keçib. Öz növbəsində Türkiyə Azərbaycanın qeyri-neft sektoruna yatırılan sərmayənin həcminə görə 1-ci yeri tutur – indiyədək türk şirkətləri qeyri-neft sektoruna 2,9 milyard dollar yatırıb. Türkiyə Azərbaycanın ikinci ən böyük tərəfdaşıdır.
E.Əliyev bildirib ki, hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərinin yenilən qurulmasında türk şirkətləri, o cümlədən iri holdinqlər aktiv iştirak edir. Azərbaycanda indiyədək 4800-ə yaxın türk şirkətinin qeydiyyatdan keçdiyini xatırladan nazir müavini TÜİB-in fəaliyyətinin ənəmiyyətini vurğulayıb: «Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi üçün özəl seuktor nümaynədələrinin və bu iş adamlarının təşkilatlandığı strukturların, o cümlədən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin TÜİB-in həyata keçirdiyi fəaliyyət çox önəmlidir».
Nazir müavini bildirib ki, ölkələr arasında imzalanmış preferensial ticarət sazişi bu əməkdaşlığın daha da inkişafına imkan verir. Eləcə də iki ölkənin əməkdaşlığı nəticəsində reallaşdırılan nəqliyyat və enerji layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən yaradır.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan və Türkiyə arasında sosial-iqtisadi əlaqələrinin inkişafı, əhəmiyyəti, iki ölkənin biznes qurumlarının əməkdaşlığı barədə məlumat verərək, TÜİB-in fəaliyyətində uğurlar arzu ediblər.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) ümumi yığıncağında Qurumun rəhbərliyinə – idarə heyətinə və təftiş koseçkilər keçirilib. Şəffaf və demoktratik şəraitdi keçirilən seçkilərin nəticəsi olaraq Hüseyin Büyükfırat yenidən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri seçilib.
TÜİB-in idarə heyətinin üzvləri olaraq isə Savaş Uzan («Azersun Holding»), Lokman Biter («Makro 2000»), Ender Kavuk («Asfarma»), Necmettin Taşbağ («Kartaş MMC»), Ümit Hira («Tekfen»), Selim Akbay (şəxsi üzv), Azər Mirzəyev («Məmmədoğulları» QSC), Avni Demirci («Alka-And» MMC), Əhəd Əsgərov («Optimal Elektronika»), Günay Ağayeva («İkra Logistika» MMC), Hakan Evsen («Skylife travel»), Emrah Uçar («Maqro Construction» MMC AR filialı), Mustafa Çelenk («Axsis» MMC), Fərid Novruzi («Novco» MMC) seçilib.
Yığıncaqda TÜİB-in Nəzarət və Təftiş komissiyasi da formalaşıb. Tamer Tanrıverdi («Tork Çelik Ltd»), Ramiz Əliyev («Türk Amerikan Medikal») və Vüsal Xəlilov («Mobil Group» MMC) komissiyanın üzvləri seçiliblər.
Seçkidən sonra toplantıda çıxış edən TÜİB rəhbəri Hüseyin Büyükfırat yeni seçilən üzvləri bir daha təbrik edərək onlara işlərində uğurar arzulayıb.
TÜİB rəhbəri bildirib ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi bundan sonra da ölkə iqtisadiyyatına və Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verməkdə davam edəcək.