"Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq. Çünki ən azından bu bizim milli birlik işimizdir".
FED.az xəbər verir ki, bunu Azərbaycanda Türkiyədən olan iş adamlarının təşkilatı - Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkil etdiyi iftar süfrəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O qeyd edib ki, MÜSİAD son 1 ildə Azərbaycanda iki böyük uğurlu işə imza atıb:
"Ötən il Qobustanda olan şəhidliyimizi məhz MÜSİAD yenidən quraraq indiki vəziyyətə gətirib. Aparılan işlər nəticəsində şəhidliyimiz Qafqaz İslam Ordusunun 100 illiyinə hazır oldu. Digər uğurlu iş isə ötən həftə Nərgiz fondu ilə gerçəkləşdirildi. MÜSİAD Nərgiz Fondunun təşkil etdiyi iftar süfrəsinə dəstək verməklə özünün ən önəmli işlərini həyata keçirdi".
1990-cı ildə Türkiyədə əsası qoyulan MÜSİAD artıq 3 ildir ki, Azərbaycanda fəaliyyət göstərir.