Xəbər verildiyi kimi, Türkiyənin vitse prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
FED.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə-Azərbaycan iqtisadi əlaqələri ilə bağlı danışıqların aparılması, o cümlədən iqtisadi əməkdaşıq üzrə komissiyanın toplantısının keçirilməsi nəzərdə tutulur.
Eləcə də bax: Türk markalarını Türkiyədən birbaşa öz qiymətinə alın – YENİ XİDMƏT
Qeyd edək ki, bu mövzu ilə bağlı Azərbaycandakı Türkiyə biznesini maraqlandıran əsas məsələlərdən biri Azərbaycana gətirilən Türkiyə mallarının 15%-lik idxal rüsumundan azad edilməsidir. Xatırladaq ki, MDB ölkələri arasında azad ticarət sazişi olduğuna görə, bu ölkələrdən Azərbaycana daxil olan mallar idxal rüsumuna cəlb edilmir. Türkiyə malları üçün belə güzəşt nəzərdə tutulmadığına görə, türk məhsulları Azərbaycana MDB ölkələri ilə müqayisədə daha baha qiyiətə gətirilir və rəqabətdə uduzur.
Son illər türk biznesinin əsas istəklərindən biri bu rüsumla bağlı dəyişiklik edilməsi – ya onun ləğvi, ya dərəcəsinin aşağı salınmasıdır.
FED.az-ın əldə etdiyi məlumata görə, Türkiyə vitse-prezidentinin səfəri zamanı aparılacaq danışıqlarda bu məsələ də müzakirə olunacaq.
Hazırda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları artıq müəyyənləşdirilib. Saziş imzalandıqdan sonra bu məhsullar üzrə illik tarif kvotaları çərçivəsində idxal gömrük rüsumları tutulmayacaq.