Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin idarə heyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
ASK-dan bildiriblər ki, görüşdə iki təşkilatın gələcəkdə birgə əməkdaşlıq imkanları və digər maraq doğuran məsələlər müzakirə edilib.
Qurumun fəaliyyəti ilə bağlı məlumat verən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun bildirib ki, dünyanın müxtəlif ölkələrində yeni şöbələrini açan MÜSİAD-ın Azərbaycan şöbəsi artıq 8 aydan çoxdur ki, Bakıda fəaliyyətə başlayıb.
“Yaxın müddətdə Türkiyədə fərqli sahələrdə uğur qazanmış iş adamları Azərbaycana dəvət ediləcək. Məqsəd onların təcrübəsinin azərbaycanlı iş adamları ilə paylaşılmasıdır. Yerli iş adamları ilə birlikdə bazarı araşdırıb, yeniliklər əldə etmək naminə bir sıra səyahətlərin təşkili də nəzərdə tutulur. Bundan əlavə, MÜSİAD Türkiyədən və ya dünyanın başqa ölkələrindən Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərə dəstək olmağı planlaşdırır”, - deyə A.Uzun bildirib.
ASK-ın prezidenti Məmməd Musayev bildirib ki, ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. MÜSİAD və Azərbaycan Sahibkarlar Konfederasiyası birgə layihələr icra etsə hər iki tərəfin iş adamları bundan faydalanar.
M.Musayev bu gün imzalanan əməkdaşlıq müqaviləsinin gələcəkdə hər iki tərəf üçün faydalı olacağını bildirib.
Azərbaycanda işəgötürənlər toplumunun könüllü üzvlük prinsipi əsasında fəaliyyət göstərən ASK və MÜSİAD, bazar iqtisadiyyatı çərçivəsində sərbəst rəqabət, özəl mülkiyyət və sərbəst ticarət qanunları çərçivəsində, üzvlərinin iqtisadi fəaliyyət və biznes əlaqələri ilə bağlı olan haqq və mənfəətlərini inkişaf etdirmək məqsədilə fəaliyyət göstərirlər. Bu məqsədlə həyata keçirilən fəaliyyətlərdə daimi surətdə məlumat və təcrübə mübadiləsi aparmaq, həmçinin, mümkün olan hər sahədə iki təşkilat arasında əməkdaşlıq əlaqələrini qurmaq müqavilənin əsas məqsədini təşkil edir.