Türkiyədə qaynaq texnologiyaları bazarının əsas payçılarından olan “Gedik Holding” Azərbaycanda ilk zavodunu açıb. Şirkət ölkəmizə 30 milyon dollarlıq sərmayə yatırmaq niyyətindədir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. İxracatdakı payını 15 faizdən 50 faizə qaldıran şirkət Qazax rayonunda inşa edilən “Gedik-Carçı” Elektrod Zavodu ilə xaricə ilk sərmayəsini yatırıb. Holdinqin idarə heyətinin sədri Hülya Gedik bildirib ki, dövriyyənin yarısının xarici əməliyyatlardan gəlməsini hədəfləyiblər.
Eləcə də bax: «Volkswagen» Türkiyədəki zavodu təxirə salır – CEO-DAN AÇIQLAMA
“Bu ilk xarici yatırımımızdır. 5 milyon dollar maliyyə vəsaiti xərclənən zavodun tutumu 6 min tondur. Satış bazarımız Rusiya və ətraf ölkələr olacaq. Önümüzdəki illərdə satışı bir az da genişləndirəcəyik. Beləliklə, investisiya dəyərinin 30 milyon dollaradək artacağını gözləyirik. Burada yalnız qaynaq elektrodları deyil, həm də digər məhsullar istehsal edəcəyik. Bu ildən texnoloji avadanlıqlar ixracına başlamışıq”, – H. Gedik deyib.
9 min ton tutumlu zavod qaynaq vasitələrini istehsal edəcək. Holdinq tərəfindən istehsal olunan “GeKa” və “GeKaTec” markalı qaynaq vasitələri, “GeKaMac” markalı qaynaq cihazları və “GekaRobot” markası altında avtomatlaşdırılmış sistemlər 80-dən çox ölkəyə ixrac edilir.
Hülya Gedik həmçinin Qazaxda inşa olunan zavodla yanaşı bölgədə genişlənmə planının da olduğunu dilə gətirib. O, bildirib ki, xarici ölkələrə sərmayə qoyuluşu bundan sonra da davam edəcək: “2020-ci ildə və ondan sonrakı illərdə başda Şərqi Avropa olmaqla, ixrac bazarlarında istehsal gücümüzü artırmağı hədəfə almışıq”.